ƏƏSMN-də e-təyinat sistemlərinin sayı 14-ə, e-arayış xidmətlərinin sayı 12-yə çatıb

ƏƏSMN-də e-təyinat sistemlərinin sayı 14-ə, e-arayış xidmətlərinin sayı 12-yə çatıb
# 18 dekabr 2019 11:20 (UTC +04:00)

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4 sosial təminat növü üzrə sistemin və 4 növ elektron arayışın təqdimat mərasimini keçirib.

APA-nın məlumatına görə, bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4 sosial təminat növünün - bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı sosial yardımı almaq hüququ olan) buna görə aylıq müavinətin, habelə müharibə və 20 Yanvar əlillərinin, Çernobıl qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqlarına aylıq müavinətin təyinatını elektronlaşdırıb. Həmçinin nazirlik 4 növ e-arayış xidmətini - mənzillə təminat, ünvanlı dövlət sosial yardımının təyinatı, ödənişi, habelə fərdi şəxsi hesablar barədə arayışların alınması üzrə e-xidmətləri istifadəyə verib.

Bununla da e-təyinat sistemlərinin sayı 14-ə, e-arayış xidmətlərinin sayı 12-yə çatıb.

Nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov əmək, məşğulluq, sosial təminat sahələri üzrə idarəçiliyin və xidmətlərin elektron texnologiyalar üzərində qurulmasının aparılan islahatların əsas istiqamətlərindən olduğunu vurğulayıb. O bildirib ki, 2019-cu ilin əvvəlindən pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizmi işə salınıb. Həmçinin bu ilin ilk aylarından sosial müavinət və təqaüdlərin e-təyinatı infrastrukturunun da qurulması işlərinə başlanıb.

Tədbirdə nazirliyin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkbərov yeni e-təyinat sistemləri barədə məlumat verib. Bildirilib ki, qeyd edilən müavinətlərin təyinatı vətəndaşların həmin sosial ödənişlərin təyin edilməsi üçün hansısa quruma müraciət etməsinə ehtiyac qalmadan elektron qaydada aparılacaq. Misal üçün, aztəminatlı ailəyə ünvanlı sosial yardımı elektron qaydada təyin edildikdə, sistemə daxil edilmiş müvafiq məlumat əsasında həmin ailədəki 1 yaşa qədər olan uşağa da aylıq müavinət avtomatik təyin ediləcək.

K. Əkbərov həmçinin mənzillə təminat, ünvanlı dövlət sosial yardımının təyinatı, ödənişi, fərdi şəxsi hesablar barədə arayışın alınması üzrə e-xidmətlərdən istifadə prosedurlarını diqqətə çatdırıb. Qeyd edilib ki, vətəndaş portala daxil olur və orada formalaşan şəxsi kabinetində “E-arayış” altbölməsini və bu bölmədə arayışın növünü seçir. Bu zaman arayış avtomatik olaraq formalaşır. Bundan sonra vətəndaş arayışı çap edərək müvafiq quruma təqdim edə, yaxud elektron qaydada göndərə bilər. Vətəndaşa arayışın etibarlılıq müddətini də özü müəyyən etmək imkanı verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR