Azərbaycan Beynəlxalq Bankı 28 illiyini qeyd edir

Azərbaycan Beynəlxalq Bankı 28 illiyini qeyd edir
# 10 yanvar 2020 13:30 (UTC +04:00)

Bu gün Azərbaycan Beynəlxalq Bankı özünün yaranma gününü qeyd edir.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, yeni inkişaf mərhələsində olan, 2019-cu ili də uğurlu nəticələrlə başa vurub və aktivlərinin həcminə, gəlirlilik səviyyəsinə görə liderliyini qorumağı bacaran Azərbaycan Beynəlxalq Bankı 28 il əvvəl, 1992-ci ilin 10 yanvarında fəaliyyətə başlayıb. Hazırda bir çox göstəricilərinə görə Azərbaycanın və ümumilikdə Cənubi Qafqaz regionunun aparıcı maliyyə institutudur.

Belə ki, 31 dekabr 2019-cu il tarixinə Azərbaycan Beynəlxalq Bankının aktivləri 9,22 milyard manat təşkil edib. İl ərzində bankın kapital mövqeyi daha da güclənib və mənfəətliliyi qorunub. Azərbaycan Beynəlxalq Bankının məcmu kapitalı 2019-ci il ərzində artaraq 1,13 milyard manatı ötüb. İl ərzində kredit portfeli 23,4% və ya 450 milyon manat artaraq 2,37 milyard manata çatıb.

Qeyd edək ki, bir neçə illik fasilədən sonra bank ötən il ilk dəfə olaraq 2018-cı ilin maliyyə nəticələrinə əsasən öz səhmdarlarına 150 milyon manat dividend ödəyib. Bu il isə Azərbaycan Beynəlxalq Bankı sağlamlaşdırma prosesindən sonra ilk dəfə dövlət büdcəsinə iri məbləğdə mənfəət vergisi ödəyəcək. Sistem xarakterli universal bank olan Azərbaycan Beynəlxalq Bankı real sektorun maliyyələşdirilməsində yaxından iştirak edir, kiçik və orta biznesin inkişafı, ölkəmizdə nağdsız ödəniş ənənələrinin genişləndirilməsindən ötrü davamlı layihələr həyata keçirir, müxtəlif sahələr üzrə cəmiyyətə fayda vermək üçün korporativ sosial məsuliyyət proqramları reallaşdırır.

Güclənən rəqabət mühitində bankın bazar mövqelərinin daha da möhkəmləndirilməsi, xidmət və məhsullarda innovativ texnologiyaların tətbiqi, müştəri məmnuniyyətinin əldə olunması üçün ötən ilin sonlarından etibarən Azərbaycan Beynəlxalq Bankının yeni inkişaf strategiyası həyata keçirilməkdədir. Beynəlxalq məsləhətçilərin iştirakı ilə hazırlanmış strategiya 2022-ci ilə qədər qarşıya qoyulmuş əsas hədəfləri nəzərdə tutur.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "Başlıca hədəflərimiz mükəmməl rəqəmsal təcrübəmizlə tanınmaq, korporativ və pərakəndə sahədə ölkənin lider banklarından olmaq, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində rəqabətədavamlı bazar payına sahib olmaq, yüksək müştəri məmnuniyyəti qazanmaq, bank sektorunda ən yaxşı işəgötürən olmaq və əməliyyat gəlirliliyimizi ikiqat artırmaqdır. 2022-ci ilə qədər bu hədəflərə çataraq Azərbaycan Beynəlxalq Bankının bu günü və gələcəyinə olan yüksək inam və ümidləri doğruldacağıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR