Miqrant böhranı: Avropa İttifaqına üzv ölkə müsəlman qaçqınların qəbulundan imtina edib

Miqrant böhranı: Avropa İttifaqına üzv ölkə müsəlman qaçqınların qəbulundan imtina edib
# 20 avqust 2015 16:25 (UTC +04:00)

Bakı-APA. Slovakiya Avropa İttifaqının (Aİ) yerləşdirmə proqramı çərçivəsində Suriyadan yalnız xristian qaçqınları qəbul edə biləcəyini açıqlayıb.

APA-nın məlumatına görə, bu ölkə Aİ-nin yeni "40 min nəfər qaçqını yerləşdirmə planı" çərçivəsində Türkiyə, İtaliya və Yunanıstandakı düşərgələrdən yalnız 200 nəfəri və xristian olanları qəbul edəcəyini deyib. Slovakiya Daxili İşlər Nazirliyinin sözçüsü İvan Netik BBC-yə açıqlayıb ki, ölkəsi müsəlmanlar qəbul etməyəvək. İ. Netik bunu onların Slovakiyada "özlərini vətənlərindəki kimi hiss etməyəcəkləri" ilə əsaslandırıb: "Biz yalnız tranzit ölkəyik və insanlar Slovakiyada qalmaq istəmirlər. Biz 800 müsəlman qəbul edə bilərik, lakin bizim Slovakiyada heç bir məscidimiz yoxdur və onlar toplaşmaq istəsələr, bunu necə edəcəklər?”

Aİ sözçüsü Anika Breyzhard Slovakiya rəsmisinin açıqlamasına münasibət bildirməkdən imtina edib. O qeyd edib ki, Avropa İttifaqı ölkələrinə istənilən növ ayrı-seçkilik nümayiş etdirmək qadağan edilib. Eyni zamanda BMT Qaçqınlarla iş üzrə Ali Komissarlığının Mərkəzi Avropa üzrə sözçüsü Babar Baloç bildirib ki, yerləşdirmə dünyanın ən həssas qrupları arasında son dərəcədə çətin vəziyyətdə olan qaçqınlar üçün çox vacibdir: “Biz ölkələri qaçqınları yerləşdirilməsi məsələsinə kompleks yanaşma nümayiş etdirməyə və öz seçimlərini ayrı-seçkiliyə yol verməməyə çağırırıq”

Qeyd edək ki, Aİ sərhədlərində son aylar qaçqınlar daha da artıb. İyul ayında bu rəqəm rekord səviyyəyə- 107 500 nəfərə çatıb. Onların əksəriyyəti suriyalılar, əfqanlar, qeyri-stabillik və yoxsulluqdan əziyyət çəkən Tropik Afrika sakinləridir. Ötən ay Aİ ölkələri son iki ildə İtaliya və Yunanıstana gəlmiş 32 min sığınacaq axtaran şəxsləri qəbul etmək barədə qərar qəbul edib. Slovakiya kimi ölkələr müəyyən edilmiş kvotadan imtina etdikdən sonra proqram könüllülük şəklində həyata keçirilib.

Xatırladaq ki, 240 min miqrant bu il ərzində Aralıq dənizini keçib və digər ölkələrə getməzdən qabaq İtaliya və Yunanıstan sahillərinə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR