Arif Hacılı: “AXC-nin törəmələri olan əksər təşkilatlarda keçirilən seçkilərdə vaxtı ilə müəyyən etdiyimiz qaydalardan imtina edilib”

Arif Hacılı: “AXC-nin törəmələri olan əksər təşkilatlarda keçirilən seçkilərdə vaxtı ilə müəyyən etdiyimiz qaydalardan imtina edilib”
# 03 avqust 2015 16:17 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

O, Azərbaycan Xalq Cəbhəsi (AXC) parçalandıqdan sonra yaranan partiyalarda seçkilərin açıq keçirilməsinə etiraz edib: “Azərbaycan Xalq Cəbhəsi 1989-cu ildə yarandı. Azərbaycanın yeni tarixinin, siyasətinin də yaranması əsasən 1988-89-cu illərə aiddir. O dövrdə biz Xalq Cəbhəsini idarə edərkən bu prinsiplərə əməl edirdik və bütün seçkilər gizli keçirilirdi. Sonradan Müsavat Partiyasında bu ənənəni davam etdirdik. Müsavat Partiyasında bütün qurumlara seçkilər gizli səsvermə yolu ilə keçirilir. Hətta özək sədrləri də gizli səsvermə yolu ilə seçilir. Demokratik azadlıqlar uğrunda mübarizə apardığını birmənalı bəyan edən partiyalarda seçkilərin gizli səsvermə yolu keçirilməsi daha məntiqlidir. Bu həm Azərbaycan cəmiyyətinə bir nümunə, həm də demokratik seçki ənənələrinin yayılması və təbliği baxımından əhəmiyyətli olardı. Eyni zamanda şübhəsiz ki, bu cür seçkiləri keçirən siyasi partiyanın hakimiyyətdən də belə seçki tələb etməsi daha səmimi, daha arqumentli görünər. Ancaq təəssüf ki, hazırda AXC-nin törəmələri olan əksər təşkilatlarda seçkilərin açıq keçirilməsi ilə uzun illər bundan əvvəl müəyyən etdiyimiz qaydalardan imtina edilib”.

A. Hacılı Klassik Xalq Cəbhəsi Partiyasının qurultayına dəvət olunmasına baxmayaraq, iştirak etməməsini də şərh edib: “Qurultayda iştirak etməməyim indi mətbuatda müzakirə olunacaq qeyri-adi bir hadisə deyil”.

Xatırladaq ki, avqustun 1-də KXCP-nin III qurultayı keçirilib. Qurultayda sədrliyə və digər orqanlara seçkilər açıq səsvermə yolu ilə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR