Türkiyənin keçmiş dövlət naziri: ”Kipr məsələsində nə qədər çox güzəşt etsək, o qədər çox itirəcəyik” - MÜSAHİBƏ

Türkiyənin keçmiş dövlət naziri: ”Kipr məsələsində nə qədər çox güzəşt etsək, o qədər çox itirəcəyik” - <span style="color: red;">MÜSAHİBƏ
# 22 iyul 2017 16:10 (UTC +04:00)

- Kipr məsələsi müəyyən fasilələrlə yenidən gündəmə gəlir, bir müddət müzakirə aparılandan sonra tərəflər dağılırlar. Budəfəki durumu necə dəyərləndirirsiniz?

- Əslində bu danışıqların mahiyyəti eynidir: yunan tərəfi hər dəfə Şimali Kipr Türk Cümhuriyyətindən və Türkiyədən daha çox güzəşt əldə etməyə çalışır. Danışıqlar başlayır, yunan tərəfi bitməz-tükənməz tələblərini masaya gətirir, Türkiyə o güzəştləri edir, ancaq yunan tərəfi hər dəfə danışıqları pozub gedir. Biz Yunanıstana desək ki, tələblərinizin 90%-ni qəbul edirik, siz də bizə 10% güzəşt edin, millətimizi qorumaq üçün əsgərlərimiz orda qalsın-onu da qəbul etməzlər. Onlar Türklərin adadan tamamilə çıxmasını və adanın bütünlüklə onlara qalmasını istəyirlər. Budəfəki danşıqlarda da Yunanıstan xeyli şey qoparmışdı. Biz indiyə qədərki danışıqlarda heç vaxt London və Sürix sazişlərini gündəmə gətirməmişdik, budəfəki danışıqlarda 1960-cı ilin qurucu sazişləri də gündəmə gətirildi. Bunu qəbul etmək mümkün deyildir. Yunanıstanın taktikası bu cürdür: konfranslar təşkil edilir, Türkiyədən istənilən güzəştlərin bir qismi əldə edilir, daha sonra Yunanıstan deyir ki, mən tələblərimin hamısının yerinə yetirilməsini istəyirəm. Yunanıstanın razılaşma əldə etmək istəməməsinin əsas səbəbi- danışıqlar prosesini daha uzun zamana yaymaqdır. Onlar Giriti bizdən bu şəkildə aldılar, 93 il danışıqlar aparılandan sonra bizi bezdirdilər, Giritin demoqrafiyasını dəyişdirdilər, Osmanlının zəif dönəmində Giriti bizdən aldılar. 1913-cü ildəki London konfransında Osmanlı imperiyası Giriti verməyə məcbur oldu.

- Bəs Yunanıstanın bu tələblərini Türkiyə bilmirmi, niyə öz mövqeyini qəti şəkildə diqtə etməyib hər dəfə konfrans təşkil edilməsinə razı olur?

- Məsələ ondadır ki, Türk tərəfi masa arxasına saziş olması üçün keçir, Yunanıstan isə bizdən hər şeyi almaq üçün danışıqlara gəlir. Əslində adada yunanlarla türklər heç vaxt birlikdə yaşamadılar. Sadəcə, 1960-cı il London və Sürix sazişlərindən sonra 3 il federal dövlət strukturu oldu, 1963-cü ilin Noel bayramında yunanlar türklərə qətliam törətdilər. Daha sonra Türkiyə adadakı soydaşlarımıza daha yaxından diqqət yetirməyə başladı. 1974-cü ilin iyulunda adanı Yunanıstana birləşdirmə planlarını gecikdirən Makariosa qarşı hərbi çevriliş həyata keçirildi. Türkiyə 20 iyul 1974-cü ildə adaya Sülh hərəkatı təşkil edərək yunanları da yox olmaqdan xilas etdi. O vaxt yunan general Samson demişdi ki, 1 gün gec gəlsəydi, türk ordusu adada heç bir türkü görə bilməyəcəkdi. Daha sonra türk icmasının lideri Rauf Dənktaşın rəhbərliyi altında Şimali Kipr Türk Cümhuriyyəti elan edildi və adada iki dövlət yanaşı yaşamağa başladı. O gündən bəri yunanlar 2 dövlətli strukturu aradan qaldırıb adanı tamamilə ələ keçirməyə çalışırlar. Son illərdəki danışıqlarda yunanlar Şimali Kipr Türk Cümhuriyyətinə 60 min yunanın gəlməsini tələb edirlər. İndiyə qədərki danışıqlarda heç vaxt yunanlara xəritə verilməmişdi, indi xəritə belə verilib. Bunlar təhlükəli və gərəksiz güzəştlərdir və yunanlar bununla qətiyyən kifayətlənməyəcəklər. Bu, 2 müstəqil dövlət arasında bərabər səviyyəli müzakirə deyil, yunanların və Yunanıstanın öz tələblərini diqtə edərək daha çox güzəşt qoparmağa və nəticədə adanın hamısını ələ keçirməyə yönəlmiş cəhdlərdir. Elə isə danışıqlar hər iki tərəfin dünyanın da tanıdığı müstəqil dövlətlər arasında bərabər hüquqda olmalıdır. Türk ordusu adadan çıxsa və yunanlar adanın şimal qisminə yerləşərək üstünlüyü ələ keçirsələr, Türkiyə Aralıq dənizindəki mövqeyini tamamilə itirər və bizim cənubdakı dənizlərə çıxışımız olmaz, quru dövlətinə çevrilərik. Burada vaxt qazanmaq rumların lehinə olacaq. Hökumətimiz proseslər barədə daima millətimizə aydın məlumatlar verməlidir, Məclisimiz bu məsələ barədə daima məlumatlandırılmalıdır. Milli məsələlərdə millətin dəstəyi olmadan qalib gəlmək mümkün deyildir.

- Türkiyənin və ŞKTC-nin rəsmi nümayəndələri bu görüşün son olduğunu bəyan ediblər. Bu barədə nə demək istərdiniz?

- Kaş ki, son olaydı. Bu, neçənci sondur? Hər dəfə yeni görüş başlayandan bir müddət sonra Yunanıstan gərginlik yaradıb masadan qalxır. Yanvarın əvvəlində başlamış və fasilələrlə bu günə qədər davam edən müzakirələrdə də eyni şeylər oldu. Biz adanın şimalında güclü iqtisadiyyatı olan bir Türk dövlətinin inkişaf etməsini istəyirik, bunun alternativi yoxdur. İnşallah, bu görüş son olar və adadakı 2 müstəqil dövlət öz yoluna davam edər. Müzakirələrin davam etməsi Yunanıstanın yeni oyunlarını özü ilə gətirib gələcək ki, bu da uzun möhlətdə Şimali Kipr Türk Cümhuriyyətimizin əldən getməsinə səbəb ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR