Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası Baş Assambleyasının növbəti toplantısı Azərbaycanda keçiriləcək

Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası Baş Assambleyasının növbəti toplantısı Azərbaycanda keçiriləcək
# 22 may 2018 10:19 (UTC +04:00)

Mayın 30-da “Qalaaltı” kurortunda (Şabran rayonu) Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası (EHTTA) Baş Assambleyasının “Termal şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransı keçiriləcək.

Mədəniyyət Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, toplantıda 13 ölkədən 40-a yaxın mütəxəssis iştirak edəcək.

Tədbirdə EHTTA-nın yüksək səviyyəli nümayəndələri, sağlamlıq və müalicəvi imkanları geniş olan xarici ölkələrin şəhər və bələdiyyə rəhbərlərinin iştirakı nəzərdə tutulub. Bununla yanaşı, ölkəmizdə sağlamlıq-müalicəvi imkanlarına malik Naxçıvan Muxtar Respublikası, Şabran, Naftalan, Qəbələ, Xaçmaz, Quba, Qusar rayon və şəhərlərindən nümayəndələr də iştirak edəcək.

Şöbədən əlavə olunub ki, Mədəniyyət Nazirliyi ölkəmizin mədəni irsinin və tarixi abidələrinin təbliği məqsədilə bir çox beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri qurub. Nazirliyin uğurla əməkdaşlıq etdiyi beynəlxalq qurumlardan biri də Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasıdır. Bu əməkdaşlığın nəticəsində 21 yanvar 2016-cı il tarixində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının Baş Assambleyası tərəfindən “Qalaaltı” kurortu (Şabran rayonu) assosiasiyanın “Termal şəhərlər” beynəlxalq mədəni marşrutuna qoşulub.

Qeyd edək ki, 19-20 oktyabr 2016-cı il tarixində İtaliyanın Salsomaggiore şəhərində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının Baş Assambleyasında “Termal şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransının 2018-ci ilin mayında “Qalaaltı” kurortunda keçirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR