Sabirabadda 25 min manatlıq mal-qara oğurlayan şəxslər tutulub

Sabirabadda 25 min manatlıq mal-qara oğurlayan şəxslər tutulub
# 14 iyul 2017 10:21 (UTC +04:00)

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları fərdi təsərrüfatlardan ümumi dəyəri 25 min manatdan artıq olan iribuynuzlu mal-qara oğurlayan şəxsləri saxlayıb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, vətəndaşlara məxsus şəxsi təsərrüfatlardan iri və xırda buynuzlu mal-qara oğurlayan şəxslərə qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədi ilə daxili işlər orqanları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sərxanbəyli kənd sakini Xanəhməd Məmmədova məxsus yardımçı təsərrüfatdan 2 baş inək oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İlyas Bədəlov və onun dayısı oğlu Xocavənd rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Cəfərov tutulublar.

Saxlanılan şəxslərin ətraflarında əməliyyat tədbirləri davam etdirilən zaman onların Sabirabad və ətraf rayonların ərazilərində yerləşən 13 fərdi təsərrüfatdan ümumi dəyəri 25 min manatdan artıq olan 20 iribuynuzlu mal-qara oğurladıqları məlum olub.

Qeyd olunub ki, İ.Bədəlov və R.Cəfərov oğurladıqları heyvanların bir qismini Bərdə rayonunda yerləşən bazarda sataraq əldə etdikləri pulu aralarında bölüblər. Heyvanların qalan hissəsi isə İ.Bədəlovun Bərdə rayonunda yerləşən evinin həyətindən aşkar edilərək zərərçəkənlərə qaytarılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR