Tibbi tullantıların idarə olunması işinin təkmilləşdirilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində işçi qrupun birinci iclası keçirilib.
APA-nın məlumatına görə, bu barədə TƏBİB məlumat yayıb.
Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri iştirak edib.
Açılış nitqi ilə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru, işçi qrupun rəhbəri Ramal Bağırov tibbi tullantıların idarə olunması ilə bağlı normativ hüquqi aktlara yenidən baxılması, dünya praktikasına əsaslanaraq müasir texnologiyaların tətbiqi, əlaqədar işçilərin təlimlərə cəlb edilməsinin vacibliyindən danışıb. Daha sonra TƏBİB-in əməkdaşı, işçi qrupun katibi Gülnarə Yusifova hazırlanmış sənədləri qrup üzvlərinə təqdim edib.
Sonda üzvlər arasında prosesin təkmilləşdirilməsi ilə bağlı mövcud vəziyyəti müzakirə edilib, verilmiş təkliflər dəyərləndirilib.