Ərdoğan: “Türkiyə bir Avropa ölkəsidir, günü sabah Avropa İttifaqına qoşulmağa hazırıq”

Ərdoğan: “Türkiyə bir Avropa ölkəsidir, günü sabah Avropa İttifaqına qoşulmağa hazırıq”
# 01 dekabr 2016 14:18 (UTC +04:00)

“Türkiyəni Qərb dövləti kimi xarakterizə etmək doğrudur, amma tam deyil. Türkiyəni Şərq ölkəsi adlandırmaq doğrudur, amma yenə tam deyil. Qara dəniz, Aralıq dənizi ölkəsi da deyilə bilər, lakin bu da bizi tam ifadə etmir. Avropa öz dəyərlərinə zidd gedərək bizi istədiyi qədər kənara atmağa çalışa bilər, amma nə qədər əksini söyləyirsə söyləsin, Türkiyə bir Avropa ölkəsidir”.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Türkiyə 650 ildir Avropada öz mədəniyyəti ilə yer alır və yer almağa davam edəcək: “Bizi Avropadan kənarlaşdırmağa Avropa ölkələrinin gücü yetməz. Biz Avropada qonaq yox, ev sahibiyik. Avropa ölkələri ilə son vaxtlar yaşadığımız problemlər gündəlik siyasi mübahisələrdir. Avropa İttifaqı ikili standartdan vaz keçərsə, bu quruma elə günü sabah üzv olmağa hazırıq. Amma birtərəfli addım atmaq dövrü bitib. Aİ söz verib yerinə yetirmədiyi addımları atarsa, bizdə təbii ki, niyyətimizi göstərəcəyik. Bizə nə versəniz, əvəzini alacaqsınız, amma Avropanın dalınca qaçmağa səbrimiz, taqətimiz qalmayıb”.

R. T. Ərdoğan Qərblə münasibətləri Şərqə alternativ kimi və əksinə, Şərqlə münasibətləri Qərbə alternativ kimi görmədiklərini söyləyib: “Bunlar bir-birini tamamlayan münasibətlərdir”.

Türkiyə prezidenti Suriya ərazisində həyata keçirilən “Fərat qalxanı” əməliyyatının hər hansı ölkəyə və ya şəxsə qarşı yox, terror təşkilatlarına qarşı yönəldiyini vurğulayıb: “Dəfələrlə bunu dilə gətirmişik. Kimsə söylədiklərimizi başqa yerlərə çəkməsin. Türkiyə təkbaşına bu mübarizəni aparacaq. Qərb ölkələrinin dəstəyi bir yana, ciddi əngəlləri ilə qarşılaşırıq. Siz bizim Çanaqqala dastanımızı oxudunuzmu? Xaç yürüşləri tarixdə qalıb, bəlkə buna dönüş etmək istəyirsiniz? Əgər belə bir düşüncəniz varsa, bu, çox yanlışdır. Biz bir NATO ölkəsiyik. Yanlış yoldasınız, özünüzü çox ciddi şəkildə test edin və doğru yola gəlin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR