Bəhram Xəlilov: “İştirak üçün müraciət etmiş namizədlərin 50%-i müsahibəyə qatılmayıb”

Bəhram Xəlilov: “İştirak üçün müraciət etmiş namizədlərin 50%-i müsahibəyə qatılmayıb”
# 03 aprel 2018 13:46 (UTC +04:00)

“Elan edilmiş müsabiqələrin müsahibə mərhələsi üzrə statistik göstəriciləri (o cümlədən hər bir dövlət orqanı üzrə ayrılıqda) təqdim edib. 1315 vəzifə üzrə müsabiqənin müsahibə elanı verilib”.

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının bu gün keçirilən iclasında dövlət qulluğuna qəbul sahəsində görülən işlər barədə DİM Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov məruzə edərkən deyib.

B. Xəlilov bildirib ki, 11 yanvar 2018-ci il tarixli elan üzrə 1700 müraciət qeydə alınıb, baş tutmuş 306 müsahibədə namizədlər uğur əldə edib, 540 müsahibə üzrə isə uğur qazanan olmayıb: “Ümumilikdə 1700 müraciət qeydə alınan 376 vakant vəzifədən 173 vakant vəzifəyə 272 namizəd uyğun hesab edilib, qalan 203 vakant vəzifəyə isə heç bir namizəd uyğun bilinməyib. 26 yanvar 2018-ci il tarixli müsahibə elanı üzrə 108 müraciət qeydə alınan 58 vakant vəzifədən 15 vakant vəzifəyə 15 namizəd uyğun bilinib, qalan 43 vakant vəzifəyə isə heç bir namizəd uyğun hesab edilməyib. Yuxarıda qeyd edilən elanlar üzrə 1808 müraciət qeydə alınmış və həmin müraciətlərə uyğun olaraq müsahibə qrafikləri hazırlanıb, qanunvericiliyə uyğun olaraq dövlət orqanı, Mərkəzin nümayəndəsi və müstəqil ekspertdən ibarət müsahibə komissiyaları yaradılıb və müsahibələrin keçirilməsi üçün digər zəruri təşkilati tədbirlər həyata keçirilib. Lakin statistikaya əsasən, müsahibələrdə iştirak üçün müraciət etmiş namizədlərin 50%-i müsahibədə iştirak etməyib. Belə ki, 483 namizəd müsahibələrdə iştirak etməkdən imtina edib, 412 namizəd isə üzrlü səbəb olmadan müsahibələrdə iştirak etməyib. Halbuki həmin şəxslərin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmaması qabaqcadan yoxlanılıb, onlarla keçiriləcək müsahibələrin vaxtı və yeri müəyyən edilərək Mərkəzin və dövlət orqanın internet portalında yerləşdirilib, şəxsi işləri müsahibə üçün hazırlanıb, müsahibə qrafikinə uyğun olaraq müsahibədə iştirakla bağlı mütəxəssis və ekspertlər cəlb olunub, müsahibənin keçirilməsi üçün Mərkəzin və dövlət orqanının nümayəndəsi müsahibə komissiyasına cəlb edilib. Bu işlərin həyata keçirilməsi ilə bağlı Mərkəz və dövlət orqanı tərəfindən kifayət qədər işçi qüvvəsindən və maddi resurslardan istifadə olunub”.

Dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması ilə bağlı keçirilən müsahibələrin səmərəli təşkilinin təmin edilməsi məqsədilə qanunvericilikdə dəyişikliklərin edilməsi barədə təkliflər Şura üzvlərinin müzakirəsinə çıxarılıb.

Şura üzvləri təkliflərlə tanış olduqdan sonra növbəti iclasda məsələ ətrafında müzakirələrin aparılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR