Azərbaycan prezidentinin şərəf və ləyaqətini ləkələməyə görə cərimənin miqdarı iki dəfədən çox artırılacaq

Azərbaycan prezidentinin şərəf və ləyaqətini ləkələməyə görə cərimənin miqdarı iki dəfədən çox artırılacaq
# 30 mart 2017 09:26 (UTC +04:00)

Azərbaycanda dövlət başçısının şərəf və ləyaqətini ləkələməyə görə nəzərdə tutulan cəza sərtləşdiriləcək.

APA-nın məlumatına görə, Cinayət Məcəlləsinin 323.1-ci maddəsinə əsasən hazırda Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ləkələmə və ya alçaltma 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Layihədə bu halda 1500 manatdan 2500 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunması təklif edilir.

Cinayət Məcəlləsinə əsasən hazırda bu əməllər internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə törədildikdə 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təklif edilən dəyişiklikdə bu əməllər internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə törədildikdə 2000 manatdan 3000 manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə tətbiq olunması təklif edilir.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilərək Milli Məclisə tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR