Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə sığortaolunanların fərdi uçotu qaydaları dəyişib

Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə sığortaolunanların fərdi uçotu qaydaları dəyişib
# 04 may 2018 09:57 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası “Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə sığortaolunanların fərdi uçotu Qaydaları”nda dəyişikliklər edib.

APA-nın məlumatına görə, hazırda aşağıdakı şəxslərin fərdi uçot məlumatlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması bu Qaydalarla tənzimlənir:

- Xidmət keçmənin xüsusiyyətləri nəzərə alınmaqla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və işçilərinin;

- “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun ştat sayı və aylıq vəzifə maaşlarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2001-ci il 25 sentyabr tarixli qərarına uyğun olaraq maliyyə təminatı bu Qaydalarda göstərilən subyektlərə həvalə olunmuş qurumların işçilərinin;

- əməliyyat-axtarış fəaliyyəti subyektlərinin işçilərinin;

- “Dövlət sirri haqqında” qanuna uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan digər işçilərin və şəxslərin.

Qaydaya əsasən, indiyə qədər sığortaedən sığortaolunanların hər biri üçün əmək haqqı, təminat xərcliyi (pul təminatı) və digər gəlirlər, ödənilmiş sosial sığorta haqları barədə olan fərdi məlumatları əks etdirən məlumat formalarını (tabeçilikdə müstəqil balansa malik olan qurumlar nəzərə alınmaq şərti ilə) hər il üçün növbəti ilin mart ayının 1-nə kimi sığortaçıya təqdim etməli idi. Sığortaedənlər sığortaolunanlar barədə məlumatları həm yazılı sənəd formasında, həm də məlumatların düzgünlüyünə, eləcə də icazə olmadan əldə edilməkdən və təhrif olunmaqdan mühafizəsinə zəmanət olunduğu halda elektron formada (maqnit daşıyıcılarında) təqdim etməli idilər.

Mayın 1-dən qüvvəyə minən yeni dəyişikliklərlə artıq bu kateqoriyadan olan şəxslərlə bağlı illik deyil, rüblük məlumat təqdim olunmalıdır. Eyni zamanda artıq məlumatların elektron sənəd forması təqdim edilməsinə üstünlük veriləcək. Başqa sözlə, sığortaedən sığortaolunanların hər biri üçün əmək haqqı, təminat xərcliyi (pul təminatı) və digər gəlirlər, ödənilmiş sosial sığorta haqları barədə olan fərdi məlumatları əks etdirən məlumat formalarını (tabeçilikdə müstəqil balansa malik olan qurumlar nəzərə alınmaq şərti ilə) hər rüb hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı və digər məbləğlər barədə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”la birgə təqdim edəcəklər. Sığortaedənlər sığortaolunanlar barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşmiş İnformasiya Sisteminə elektron sənəd formasında daxil etməli, bu mümkün olmadıqda isə kağız daşıyıcıları formasında təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR