Deputat: "ƏDV differensiallaşdırılmalı, Rəqabət Məcəlləsi qəbul olunmalıdır"

Deputat: "ƏDV differensiallaşdırılmalı, Rəqabət Məcəlləsi qəbul olunmalıdır"
# 21 noyabr 2017 15:30 (UTC +04:00)

"Nə qədər istəsək də, istəməsək də bizim dövlət büdcəmiz neftdən asılıdır".


"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, qeyri-neft sektoru üzrə əlavə dəyər əldə etmək üçün illərlə vaxt lazımdır: "Dövlət Neft Fondundan büdcəyə transfert edilməsi hökumətdə müəyyən mənada rahatlıq yaradıb. Vaxt var idi Dövlət Neft Fondunun 53 milyard dollar vəsaiti var idi. Bu gün 33 milyard dollar qalıb. Əgər biz bu siyasətə baxmasaq, Fondun vəsaitlərinin kəskin azalmasının şahidi olacağıq. Biz qanunda müəyyən dəyişikliklər edib transfertin maksimum həddini müəyyən etməliyik".

Millət vəkili bildirib ki, Azərbaycanda qiymət siyasəti yoxdur: "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən müəyyən işlər görülür. Qurum qiymətlərin müəyyən mənada sabitləşdirilməsinə çalışır. Amma nəticə yoxdur. Qiymətlərin qalxmasının səbəbi nədir? Neftin qiymətini büdcədə 45 dollardan götürmüşük. Bu il ərzində neftin qiyməti orta hesabla 50-55 dollar olub. Bundan başqa, idxal-ixrac əməliyyatları üzrə müsbət saldo var. Bəs niyə qiymətlər dəyişmir? İnflyasiyanın səviyyəsi 13-14%-dir. Qiymətlərin sürətlə dəyişməsinin müəyyən bazası olmalıdır. Elman Rüstəmov deyir ki, xaricdən inflyasiya idxal edirik. Bəs yaxşı daxildə qiymətlər niyə qalxır? Qiymətlərlə bağlı xüsusi yol xəritəsi olmalıdır".

Deputat əlavə dəyər vergisinin (ƏDV) differsiallaşdırılmasını da təklif edib: "Niyə bütün mallara münasibətdə ƏDV 18% olmalıdır? Elə mallar var ki, onlara 30-35% ƏDV qoyulmalıdır. Gündəlik tələbat mallarına 10-15% ƏDV tətbiq edilməlidir".

V.Əhmədov əlavə edib ki, Rəqabət Məcəlləsinin qəbul edilməsinə ehtiyac var. "Niyə Rəqabət Məcəlləsini qəbul etmirik? Strateji Yol Xəritəsində qeyd olunub ki, 2017-2021-ci illər ərzində Rəqabət Məcəlləsi qəbul ediləcək. Belə çıxır ki, biz yenə 4 il gözləməliyik. Biz Rəqabət Məcəlləsini 2018-ci ildə qəbul etməliyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR