Rusiyalı politoloq: "Rusiya regionun lider ölkəsidirsə, o zaman Qarabağ problemini həll etməlidir"

Rusiyalı politoloq: "Rusiya regionun lider ölkəsidirsə, o zaman Qarabağ problemini həll etməlidir"
# 12 dekabr 2016 22:44 (UTC +04:00)

Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində (MQİMO) Azərbaycan-Rusiya münasibətlərinə dair dəyirmi masa keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Rusiyanın xarici siyasəti - 25 il” mövzusunda təşkil olunan konfrans çərçivəsində Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi tərəfindən keçirilən tədbirdə rusiyalı siyasi və iqtisadi ekspertlər, media nümayəndələri iştirak ediblər.

“Dəyirmi masa”nın moderatoru, Rusiya Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov çıxışında bildirib ki, regionun lider ölkəsi olan Rusiya bu məkanda baş verən hadisələrə görə məsuliyyət daşımalıdır: "Rusiya öz yaxın qonşuları ilə münasibətlərinə ciddi şəkildə yenidən baxmalıdır. Bu münasibətlər yenilənməlidir. Əgər Rusiya regionun lider ölkəsidirsə, o, məsuliyyət daşımalıdır. Moskva problemləri, o cümlədən Dağlıq Qarabağ problemini həll etməlidir. Bu problem daim havadan asılı vəziyyətdə qalmamalıdır”.Rusiyalı ekspert Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan və erməni xalqları arasında dialoqa şərait yaradılmasının vacibliyini də qeyd edib.

TASS agentliyinin diplomatik informasiya strukturları ilə əlaqələr şöbəsinin rəhbəri, beynəlxalq və Rusiya Jurnalistlər İttifaqının üzvü Səadət Qədirova öz çıxışında KİV nümunəsində ölkələrimiz arasında humanitar əməkdaşlıqdan danışıb. Onun sözlərinə görə, bu il aprel ayında Ermənistan ilə Azərbaycan arasında cəbhə xəttində baş vermiş hadisələr KİV sahəsində daha sıx əməkdaşlığın zəruri olmasını bir daha nümayiş etdirib: “Aprel hadisələri göstərdi ki, biz bu cür çağırışlara hazır deyilik, çünki Rusiya media məkanında informasiya əsasən birtərəfli şəkildə təqdim edilirdi. Həmin dövrdə kifayət qədər ciddi sayılan bəzi KİV-lər hətta birbaşa efirdə səsvermə keçirməyi və “Kim Ermənistanın, kim Azərbaycanın tərəfdarıdır?” tipli suallar verməyi özlərinə rəva görürdü. Halbuki Rusiya bu hadisələrdə kiminsə tərəfini saxlamır, münaqişənin dinc yolla həlli üçün ardıcıl səy göstərirdi”.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) elmi işçisi Nəcibə Mustafayeva strateji tərəfdaşlıq amili kimi Azərbaycan ilə Rusiya arasında humanitar əməkdaşlıq barədə danışıb. D.S.Lixaçov adına Rusiya Elmi-Tədqiqat Mədəni və Təbii İrs İnstitutunun direktor müavini Yevgeni Baxrevski isə çıxışında bildirib ki, məsələyə sivil yanaşma baxımından Azərbaycan regiondakı üç iri ölkə - İran, Rusiya və Türkiyə ilə tarazlaşdırılmış münasibətlər quran unikal ölkədir: “Azərbaycan hər üç məkanda öz mənliyini tamamilə qoruyub saxlayır. Son vaxtlar bu üstünlükdən öz xeyrinə istifadə etməyə başlayıb. Rusiya, İran və Azərbaycan liderlərinin bu ilin avqustunda Bakıda keçirilmiş görüşü buna parlaq nümunədir. Ekspertlərin çoxunun fikrincə, Türkiyənin də bu ölkələrə qoşulması və dördtərəfli format yaradılması regionun inkişafı üçün yaxşı perspektivlər açacaq”.

Tədbirdə müzakirə olunan mövzular hər iki ölkəni düşündürən problemləri əhatə edib. Rusiyalı ekspertlərin fikrincə, Azərbaycan və Rusiya humanitar münasibətlər səviyyəsində nümunə olacaq tədbirlər təşkil edir ki, bu layihələr ilbəil çoxalır və ənənə xarakteri alır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR