SOCAR-ın Gürcüstandakı terminalından neft nəqli azalıb

SOCAR-ın Gürcüstandakı terminalından neft nəqli azalıb
# 30 iyul 2018 09:27 (UTC +04:00)

SOCAR-ın Gürcüstanın Qara dəniz sahilindəki Kulevi Neft Terminalı bu ilin yanvar-may aylarında 0,6 mln. ton neft və neft məhsulu qəbul edərək yola salıb.

APA-nın yerli bürosu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, ötən ilin analoji göstəricisi ilə müqayisədə nəql olunmuş neft və neft məhsullarının həcmi 0,2 mln. ton azdır.

Hesabat dövründə Gürcüstanın dəniz liman və terminalları, ümumilikdə 6,5 mln. ton yük emal edib. Bu da 2017-cı ilin eyni dövrü ilə müqayisədə 0,5 mln. ton azdır.

Bu ilin ilk beş ayı ərzində qonşu ölkənin Poti limanı 2,6 mln. ton, Batumi limanı 1,5 mln. ton, Supsa neft terminalı isə 1,8 mln. ton yük emal edib.

Hesabat dövründə Poti və Batumi dəniz limanlarında emal olunmuş yük konteynerlərinin sayı 172 133 ədəd təşkil edib ki, bu da ötən ilin eyni göstəricisi ilə müqayisədə 27 457 konteyner çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR