Akademik Siddiqə Məmmədova ilə vida mərasimi keçirilib

Akademik Siddiqə Məmmədova ilə vida mərasimi keçirilib
# 06 avqust 2017 15:40 (UTC +04:00)

Bu gün Gəncədə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Siddiqə Rza qızı Məmmədova ilə vida mərasimi keçirilib.

APA-nın məlumatına görə, S. Məmmədova avqustun 5-də 93 yaşında vəfat edib.

Akademiklə vida mərasimi Azərbaycan Dövlət Aqrar Universitetində keçirilib. Mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, şəhər ictimaiyyəti və mərhumun ailəsi iştirak edib. Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov deyib ki, akademik S. Məmmədova bitki mühafizəsi, o cümlədən, entomologiya sahəsində hərtərəfli biliyə malik olan alimdir. AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev Siddiqə Məmmədovanın vəfatı Azərbaycanın elmi ictimaiyyəti üçün ağır itki olduğunu qeyd edib. Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov akademik S. Məmmədovanın Azərbaycanda və xaricdə tanınmış alim olduğunu nəzərə çatdırıb. Bitki mühafizəsi sahəsindəki apardığı elmi işlərə görə, bitki mühafizəsi üzrə keçirilmiş VII Beynəlxalq konqresin böyük medalı və diplomu ilə təltif olunub. Entomoloqların Ümumittifaq, eləcə də Zaqafqaziya qurultaylarının dəfələrlə iştirakçısı olub.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, yüksək ixtisaslı kadrların hazırlanması alimin daim diqqət mərkəzində olub. Onun rəhbərliyi ilə institutda 5 elmlər doktoru və 70-dən çox elmlər namizədi hazırlanıb. Hökumət alimin kənd təsərrüfat elmi qarşısındakı xidmətlərini layiqincə qiymətləndirib. 1967-ci ildə “Şərəf Nişanı”, 2 dəfə (1971,1978) “Qırmızı Əmək Bayrağı”, 2000-ci ildə müstəqil dövlətimizin “Şöhrət Orden”ləri ilə, 1967-ci ildə “Əməkdə İgidliyə Görə”, 1982-ci ildə “Əmək Veteranı” medalları ilə təltif olunub.

Sonra mərhumun ruhuna dualar oxunub və son mənzilə yola salınıb.

Qeyd edək ki, S. Məmmədovanın vəfatı ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev nekroloq imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR