Şahin Mustafaev: "Regionların inkişafına ötən il 4,5 milyard manat vəsait yönəldilib"

Şahin Mustafaev: "Regionların inkişafına ötən il 4,5 milyard manat vəsait yönəldilib"
# 27 yanvar 2015 23:32 (UTC +04:00)

Bakı-APA. Ötən il “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində görülən işlər, həyata keçirilən layihələr, əldə edilən uğurlu nəticələrlə zəngin olub.

APA-nın verdiyi xəbərə görə, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı iqtisadiyyat və sənaye naziri Şahin Mustafaev deyib.

Nazir qeyd edib ki, prezident İlham Əliyevin iştirakı ilə 2014-cü il ərzində bölgələrdə 120-yə qədər müxtəlif təyinatlı infrastruktur obyektlərinin, yeni müəssisələrin açılışı və təməlqoyma mərasimləri keçirilib, ölkə başçısı tərəfindən məsələlərin həlli məqsədilə əlavə olaraq 270 milyon manat vəsaitin ayrılması barədə 72 sərəncam imzalanıb.

Şahin Mustafaev qeyd edib ki, regionların inkişafına ötən il bütün mənbələr hesabına 4,5 milyard manat vəsait yönəldilib:

“Hesabat ilində regionlarda infrastruktur layihələrinin icrası, o cümlədən yol-nəqliyyat, elektrik, qaz və su təchizatı infrastrukturunun yenilənməsi işləri davam etdirilib.

İl ərzində 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30 yeni körpü və yolötürücüləri tikilib və ya təmir olunub. Hesabat ilində əhalisi 960 min nəfər olan 597 yaşayış məntəqəsini birləşdirən 1300 kilometr uzunluğunda kənd yollarının çəkilməsi və yenidən qurulması işləri aparılıb.

Ötən il 5 elektrik stansiyası istifadəyə verilib, regionlarda 3 min kilometr elektrik xətləri, 614 transformator, 20 yarımstansiya, 1450 kilometr qaz kəməri inşa edilmiş və ya əsaslı təmir olunub, 24 rayon üzrə 58 yaşayış məntəqəsi təbii qazla təmin edilib.

İnformasiya və rabitə xidmətlərinin yaxşılaşdırılması məqsədilə regionlarda 26 yeni ATS istifadəyə verilib, 42 poçt şöbəsi tikilib və ya əsaslı təmir olunub.

Sumqayıt, Gəncə və Sabirabadda “ASAN xidmət”in fəaliyyətə başlaması regionlarda yaşayan əhalinin gündəlik həyatını asanlaşdırıb, mərkəzlərin xidmətindən 1,1 milyondan çox vətəndaş istifadə edib.

İl ərzində regionlarda 155 məktəb, 30 tibb müəssisəsi, 11 gənclər və idman, 43 mədəniyyət və digər sosial obyektlər tikilib və ya əsaslı təmir olunub. Məcburi köçkünlər üçün 7 yeni yaşayış kompleksi salınıb, 4450 ailənin və ya 22 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb, əlil və şəhid ailələri üçün 5 yaşayış binası tikilib” deyə nazir bildirib.

Nazir qeyd edib ki, 2014-cü ilin “Sənaye ili” elan edilməsi və bu çərçivədə tədbirlər planının icrası regionlarda da sənayenin inkişafına təkan verib, ötən il regionlarda 105 sənaye müəssisəsi açılıb: “Ümumilikdə “Sənaye ili”ndə görülən tədbirlər nəticəsində qeyri-neft sənayesi 9 faiz artıb.

Sumqayıt Kimya Sənaye Parkında xarici və daxili infrastrukturun yaradılması işləri bu il başa çatdırılacaq. Hazırda parkda 3 rezident qeydiyyata alınıb, 2 rezident ilə danışıqlar yekunlaşır və layihələr üzrə investisiya qoyuluşu 650 milyon manat təşkil edəcək.

Son illərdə sənayedə həyata keçirilən dövlət dəstəyi tədbirləri, o cümlədən 124 layihənin maliyyələşdirilməsinə 380 milyon manat güzəştli kreditin verilməsi nəticəsində bir sıra sənaye məhsulları üzrə idxaldan asılılıq azalmış, bəziləri üzrə isə ixrac potensialı yaranıb. 14 rayonda gündəlik istehsal gücü 820 ton olan 28 müasir çörək zavoduna 50 milyon manat güzəştli kredit ayrılıb və artıq 22 zavod istifadəyə verilib”.

Regionlarda 4400 müəssisə fəaliyyətə başlayıb, sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artaraq 386 minə çatmış, regionlardan vergi daxilolmaları ötən ilə nisbətən 9,8 faiz artıb, xərclərini yerli gəlirlər hesabına maliyyələşdirən şəhər və rayonların sayı 6-ya çatıb. İl ərzində ölkə üzrə 123 min yeni iş yeri açılıb”.

Şahin Mustafaev qeyd edib ki, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 5560 sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla 295 milyon manat güzəştli kredit verilib və 12500-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb. 78 faizi regionlara yönəldilmiş bu güzəştli kreditlər hesabına 2014-cü ildə 39 iri istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilib. Bu il isə daha 81 müəssisənin istifadəyə veriləcəyi gözlənilir.

“Regionlarda kiçik sahibkarlıqla məşğul olan vətəndaşların güzəştli kreditlərə çıxışını təmin etmək və fermerlər arasında kooperasiya əlaqələrini gücləndirmək məqsədilə Fondla əməkdaşlıq edən bank olmayan kredit təşkilatlarının sayı 20-yə çatdırılıb.

Son illərdə dövlət dəstəyi tədbirləri, o cümlədən 19 rayonda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kreditin verilməsi istehsalın artmasına, 3 ildə ət və ət məhsullarının idxalının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.

Bundan əlavə, 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatlarına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisələrinə 171 milyon manat güzəştli kreditlərin verilməsi bu məhsullara daxili tələbatın ödənilməsi və ixrac imkanını yaradıb.

Şəmkirdə təməli qoyulmuş və məhsulların istehsalından satışınadək bütün mərhələləri əhatə edəcək özəl pilot aqroparkında işlər artıq praktik müstəviyə keçib.

Hazırda Xızı rayonunda aqroparkların yaradılması məqsədilə baş plan hazırlanır, Bərdə və Xaçmazda da aqrar-sənaye kompleksləri yaradılır.

Ərzaq tələbatının yerli istehsal hesabına ödənilməsi məqsədilə 12 rayonda 30 min hektardan çox sahədə 19 iri fermer təsərrüfatının yaradılmasına 47 milyon manat güzəştli kreditlər verilib.

Ötən illər ərzində məhsulların tədarükü, saxlanması və satışı infrastrukturunun yaradılması, o cümlədən 26 rayonda tutumu 290 min ton olan 48 logistik mərkəzin və 14 rayonda tutumu 340 min ton olan 22 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır, istehlak bazarında qiymətlərin sabitliyi təmin edilir.

Xarici ölkələrdə ixrac infrastrukturunun yaradılması məqsədilə Qazaxıstanın Aktau şəhərində logistik mərkəzin tikintisi bu il başa çatdırılacaq. Gələcəkdə digər ölkələrdə də mərkəzlərin yaradılması perspektivləri araşdırılır. Bu mərkəzlər ölkənin ixrac coğrafiyasının genişləndirilməsinə, ixracın həcminin artmasına müsbət təsir göstərəcək”, deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR