ABŞ-ın Mayami şəhərində Ağdam şəhərinin işğalının ildönümü anılıb

ABŞ-ın Mayami şəhərində Ağdam şəhərinin işğalının ildönümü anılıb
# 21 iyul 2012 02:49 (UTC +04:00)
Bakı-APA. ABŞ-in Florida ştatının Mayami şəhərində fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası Qarabağ bölgəsində yerləşən Ağdam şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğalının 19-cu ilini anıb. Bu barədə APA-ya Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib. Azərbaycanın Vaşinqtondakı səfirliyinin dəstəyi ilə keçirilən anma tədbiri Mayami şəhərinin Qurultay Mərkəzində təşkil edilib. Anma tədbiri zamanı Azərbaycan mənşəli amerikalı rəssam Yavər Rzayevin “Könlüm Keçir Qarabağdan” adlı sərgisi nümayiş etdirilib. ABŞ-ın zəngin incəsənət mühiti ilə səciyyələnən Mayami şəhərinin çoxsaylı etnik icmaları, o cümlədən, türk, rus, yəhudi, rumın və Latın Amerikalı icma təşkilatlarının üzvləri Ağdam şəhərini anmaq üçün azərbaycanlıların tədbirinə qatılıblar. Burada həmçinin Florida ştatının Brovord dairəsi şerifi ofisinin nümayəndə heyəti də iştirak edib. Brovord dairəsi şerifinin müavini Şon Keysi belə tədbirlər vasitəsi ilə ştat rəsmilərinə Azərbaycan mənşəli icma ilə tanış olmaq imkanı verdiklərinə görə Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasına minnətdarlığını bildirib.
Assosiasiyanın başçısı Töhfə Eminova tədbirdə çıxış edərək Mayami-Deyd dairəsinin meri və idarə heyəti üzvləri adından Floridalı azərbaycanlılara ünvanlanan təşəkkür məktubunu çatdırıb. Dairə meri Karlos Gimenez və idarə heyəti sədri Co Martinez adından göndərilən məktubda Azərbaycan mənşəli sakinlərə Mayami icmasının müxtəlifləşdirilməsinə verdikləri töhfə və qarşılıqlı mədəni anlaşmanın möhkəmləndirilməsində iştirakına görə minnətdarlıq bildirilib. Töhvə Eminova Florida ştatının Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının fəaliyyətini dəstəklədiyinə görə rəssam Yavər Rzayev və Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndəsi Ramiz Hüseynova xatirə hədiyyələri təqdim edib. O, vurğulayıb ki, diaspor təşkilatımız fəaliyyətində iki dost ölkə və xalq ABŞ və Azərbaycan arasında yeni körpülərin salınması üçün əlindən gələni əsirgəməyəcək.
Anma tədbirində iştirakçılara Ağdam şəhərinin işğalı, münaqişə tarixi, Qarabağ bölgəsi və Azərbaycan haqda kitablar və materiallar paylanılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR