Ankarada azərbaycanlı rəssamın sərgisi təşkil edilib

Ankarada azərbaycanlı rəssamın sərgisi təşkil edilib
# 25 sentyabr 2012 22:38 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ankarada "Cermodern” incəsənət mərkəzində azərbaycanlı gənc rəssam Məryəm Ələkbərlinin “Rənglərin Rəqsi” sərlövhəli sərgisi təşkil olunub. Bu barədə APA-ya Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.
Tədbirdə, Türkiyə Respublikasının Mədəniyyət və Turizm naziri Ərtoğrul Günay başda olmaqla sözügedən qurumun yüksək vəzifəli rəsmiləri, AR Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, səfir Faiq Bağırov başda olmaqla Səfirliyimizin əməkdaşları, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri və təmsilçiləri, millət vəkilləri, tanınmış elm və incəsənət xadimləri, diaspor nümayəndələri və çox sayda KİV nümayəndələri iştirak ediblər.
Sərginin açılışını Səfir Faiq Bağırov və Türkiyə Respublikasının Mədəniyyət və Turizm Naziri Ərtoğrul Günay həyata keçiriblər.
Tədbirin açılış nitqini səfir Faiq Bağırov həyata keçirərək, Azərbaycanın rəsm və incəsənət tarixindən, xalqımızın incəsənət tarixinin dərin köklərindən, Məryəm Ələkbərlinin gənc yaşına baxmayaraq əsərlərindəki ustalıqdan və bu kimi tədbirlərin iki ölkə əlaqələrinə verdiyi töhfələrdən geniş şəkildə söz açıb.
Bilkent Universitetinin İdarə Heyətinin sədri Prof. Dr. İhsan Doğramacı, Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru professor Salhab Məmmədov və tanınmış incəsənət xadimi Elizabet Ayten Berent də öz çıxışlarında gənc və istedadlı rəssamın yaradıcılığından heyranlıqla bəhs ediblər.
Türkiyə Respublikasının Mədəniyyət və Turizm naziri Ərtoğrul Günay öz çıxışında gənc rəssamın əsərlərindən duyduğu heyranlığı dilə gətirib, ona gələcəkdə yeni yaradıcılıq uğurları arzulayıb.
Tədbir zamanı Məryəm Ələkbərlinin yaradıcılığından bəhs edən kitablar iştirakçılara təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR