Azərbaycan prezidenti Fövqəladə Hallar Nazirliyinin yeni istifadəyə verilmiş inzibati binasının açılışında iştirak edib

Azərbaycan prezidenti Fövqəladə Hallar Nazirliyinin yeni istifadəyə verilmiş inzibati binasının açılışında iştirak edib
# 12 noyabr 2008 17:45 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan prezidenti İlham Əliyev bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) yeni istifadəyə verilmiş inzibati binasının açılış mərasimində iştirak edib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Silahlı Qüvvələrin Ali Baş komandanına raport verdikdən sonra İ. Əliyev binaya daxil olub, foyedə Heydər Əliyevin büstünü ziyarət edib. Dövlət başçısı binanın birinci mərtəbəsində yerləşən tibbi məntəqəsi ilə tanış olub, ayrı-ayrı otaqlara baxıb. Sonra prezident nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin işi ilə tanış olmaq üçün əməliyyat otağına baş çəkib. Mərkəzin fəaliyyəti barədə dövlət başçısına məlumat verilib. Mərkəzin əməliyyat otağının 24 saat ərzində “112” zəng vasitəsilə müxtəlif obyektlərdən, hüquq mühafizə orqanlarının əməliyyat növbətçilərindən, eləcə də digər orqanların növbətçi dispetçer xidmətlərindən fövqəladə hallarla bağlı məlumatlar qəbul etdiyi bildirilib.

Prezident əməliyyat otağının iş prinsipi ilə, həmçinin Bakı şəhərinin elektron xəritəsi ilə tanış olub. Elektron xəritədə Azərbaycanın bütün yaşayış məntəqələri, avtomobil yolları, su anbarları, çayları və bütün strateji obyektlər yerləşdirilib. Burada ilk dəfə olaraq yanğın, xəbərdarlıq sistemli siqnalların qəbuluna da başlanılıb. Prezidentə bildirilib ki, mərkəzin yaradılmasında dünyanın ən qabaqcıl təcrübəsindən istifadə olunub.

Sonra dövlət başçısı binanın 12-ci mərtəbəsində yerləşən böhran vəziyyətlərində idarəetmə zalına baxış keçirib. Prezidentə məlumat verilib ki, bu zal hər hansı böhranlı vəziyyətin aradan qaldırılmasına cəlb olunan qüvvələrin effektiv idarə olunması üçün nəzərdə tutulub. Böhran vəziyyətlərində birgə fəaliyyət üçün nazirliyin qrup rəhbərləri və digər dövlət qurumlarının nümayəndələri üçün 16 iş yeri yaradılıb. Hər bir nümayəndə təmsil etdiyi qurumun avtomatlaşdırılmış telefon stansiyaları ilə birləşdirilən telefonlarla təmin edilib. Burada Bakı şəhəri ərazisində baş verən hər hansı hadisənin operativ görüntülərini izləmək məqsədi ilə xüsusi kameraların quraşdırılması nəzərdə tutulub. Şəhərin müxtəlif yerlərində artıq 8 belə kamera quraşdırılıb.

Prezidentə məlumat verilməsinin ardınca zaldan birbaşa olaraq nazirliyin tabeliyində olan bir neçə qurumla birbaşa videokonfrans əlaqəsi yaradılıb. Yasamal rayonu ərazisində tikintisi yarımçıq qalmış çoxmərtəbəli binada şərti partlayış nəticəsində baş vermiş yanğın zamanı FHN-in müvafiq xilasetmə qurumlarının həyata keçirdikləri taktiki xüsusi təlim dinamikası birbaşa nümayiş etdirilib. Həmçinin, buradan Xəzər dənizinin Bakı buxtasında FHN-in müvafiq xilasetmə qurumlarının həyata keçirdiyi taktiki xüsusi təlim dinamikası da birbaşa müşahidə olunub.

Fövqəladə hallar naziri, general polkovnik Kəmaləddin Heydərov nazirliyin fəaliyyətinə yaratdığı yüksək şəraitə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlığını bildirib: “Təkcə nazirliyin şəxsi heyəti deyil, hamı görür, statistika, rəqəmlər də göstərir ki, Sizin gördüyünüz tədbirlər, əhalinin mülki müdafiəsinə qayğınız nəticəsində qəzaların sayı, bu hadisələr nəticəsində olan ölüm halları nə qədər azalıb. Əhalinin əmlakının xilas edilməsində nə qədər irəliləyiş olub”.

Prezident İlham Əliyev FHN-in fəaliyyətini yüksək qiymətləndirib. Nazirlik yaranandan qısa müddət ərzində böyük işlər gördüyünü qeyd edən prezident Azərbaycanda təhlükəsizliyin təmin olunmasında, xilasetmə işlərinin düzgün qurulmasında mühüm addımlar atıldığını vurğulayıb: “Azərbaycan dövləti bu sahəyə çox böyük diqqət göstərir. İnsanların təhlükəsizliyi, xaşagəlməz hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün nazirliyin yeni müasir texnikalarla təchizatı davam edir. Dünyanın ən qabaqcıl texnologiyaları Azərbaycanda tətbiq olunmalıdır. Fövqəladə Hallar Nazirliyi də müasir texnikalarla təchiz olunub, nazirliyin uğurlu fəaliyyəti üçün şərait yaradılıb. Növbəti illərdə də nazirliyin bütün bölgələrdəki şöbələri üçün ən müasir standartlara cavab verən texnikalar alınacaq”.

Daha sonra dövlət başçısı FHN-in yeni inzibati binasında yaradılmış multimedia mərkəzi ilə tanış olub. Prezidentə mərkəzin müasir texniki avadanlıqlarla təchiz olunduğu bildirilib. İ. Əliyev nazirliyin yeni iclas zalına da baş çəkib, fövqəladə hallar zamanı hadisə yerində böhranların idarə olunması üçün nəzərdə tutulan xüsusi avtobuslarla tanış olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR