«United Credit Bank»ın depozit portfeli son bir ildə 13% artıb

«United Credit Bank»ın depozit portfeli son bir ildə 13% artıb
# 18 may 2009 07:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» Açıq Səhmdar Cəmiyyətinin (ASC) aktivlərinin həcmi 2009-cu ilin may ayının 1-nə 32,699 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2% çoxdur.

Bankın İdarə Heyətinin sədr müavini Vahid Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə bankın kredit portfeli 13,1% artaraq 23,968 mln. manata, depozit portfeli 12,9% genişlənərək 8,481 mln. manata, öhdəlikləri isə 13,4% artaraq 14,569 mln. manata çatıb.

Bankın depozit portfelinin strukturunda müddətli depozitlərin həcmi 18,3% artaraq 6,352 mln. manat, o cümlədən fiziki şəxslərin müddətli depozitləri 25% genişlənərək 5,426 manat təşkil edib.

Həmçinin, bu ilin may ayının 1-nə bankın məcmu kapitalı 13,547 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat olub.

Qeyd edək ki, son bir il ərzində bankın ümumi gəlirləri 37,1% artaraq 1,789 mln. manat, o cümlədən qeyri-faiz gəlirləri isə 2,1 dəfə artaraq 225 min manat təşkil edib.

Bu müddət ərzində bankın ümumi xərcləri 52,2% artaraq 1,756 mln. manat olub. Nəticədə, bankın bu ilin ilk 4 ayında əldə etdiyi mənfəətin həcmi 34 min manata çatıb.

Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendi dəyişib. Hazırda bankın respublika üzrə 5 filialı və 5 bankomatı və 7 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR