Bakıda İslam İnkişaf Bankının MDB ölkələrində biznes və investisiya imkanları ilə bağlı konfransı keçirilir

Bakıda İslam İnkişaf Bankının MDB ölkələrində biznes və investisiya imkanları ilə bağlı konfransı keçirilir
# 21 iyun 2010 10:08 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev ölkənin iqtisadi inkişafından ətraflı məlumat verib və qeyd edib ki, son 5 il ərzində Azərbaycan iqtisadiyyatına 80 mlrd. ABŞ dolları məbləğində investisiya yatırılıb və bunun yarıdan çoxunu xarici investisiyalar təşkil edib: «Ötən dövr ərzində Azərbaycan iqtisadiyyatı 2,8 dəfə, dövlət büdcəsi 7 dəfə, xarici ticarət dövriyyəsi isə 2,7 dəfə artıb, 840 mindən artıq yeni iş yeri açılıb. Ölkədə yoxsulluğun səviyyəsi 4,1 dəfə azaldılaraq 45%-dən 11%-ə enib».
Nazir onu da bildirib ki, 2009-cu ildə Azərbaycanda ÜDM-in artım tempi 9,3% təşkil edib, xarici ticarət dövriyyəsinin müsbət saldosu 8,6 mlrd. dollar təşkil edib, valyuta ehtiyyatları xarici dövlət borcunu 6 dəfə üstələyib, əhalinin gəlirləri 8%, pərakəndə əmtəə dövriyyəsi 10% artıb, inflyasiyanın səviyyəsi isə cəmi 1,5% təşkil edib.
«Azərbaycanda ÜDM-in 85%-i özəl sektor tərəfindən yaradılıb. Belə ki, son 5 il ərzində ölkənin qeyri neft sektoru 1,9 dəfə artıb. Ötən il ərzində Azərbaycanda dövlət vəsaiti hesabına kiçik və orta sahibkarlığın inkişafına 160 mln. dollar məbləğində güzəştli kredit resursları yönəldilib», - deyə Ş.Mustafayev bildirib.
Azərbaycanın hazırda 138 ölkə ilə əməkdaşlıq etdiyini bildirən nazir həmçinin qeyd edib ki, ikiqat vergiqoymanın aradan qaldırılmasına dair Azərbaycan artıq 40 ölkə ilə müvafiq sənəd imzalayıb, daha 14 ölkə ilə isə bu məsələ danışıqlar fazasındadır.
Tədbirdə çıxış edən IDB-nin prezidenti Əhməd Məhəmməd Əli qeyd edib ki, müsəlman ölkələri üçün ticarət sahəsinin inkişafı ən önəmli məsələlərdən biridir: «Bununla yanaşı, ölkələr arasında da əməkdaşlıq genişləndirilməlidir və bunun üçün lazımi potensial mövcuddur. IDB öz növbəsində banka üzv olan ölkələrdə layihələri maliyyələşdirməyə hazırdır».
Qeyd edək ki, «Azərbaycan və digər MDB ölkələrində biznes və investisiya imkanları» mövzusunda konfrans sabah işini yekunlaşdıracaq. Tədbirdə 300-dən çox yerli və xarici iş adamı iştirak edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR