Kvarelidə “SOCAR Georgia Gas”ın yeni ofisinin açılışı olub

Kvarelidə “SOCAR Georgia Gas”ın yeni ofisinin açılışı olub
# 13 noyabr 2010 04:15 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə - APA. Kaxeti bölgəsinin Kvareli rayonunda regiona xidmət edən “SOCAR Georgia Gas-Kaxeti” şirkətinın mərkəzləşdirilmiş ofisinin açılışı olub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, “SOCAR Georgia Gas”ın tərkibində olan ofisin açılışda Gürcüstanın energetika naziri Aleksandr Xetaquri, ARDNŞ-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Kaxeti bölgəsinin qubernatoru Georgi Qviniaşvili, “SOCAR Geporgia Gas”ın direktoru Anar Məmmədov və digər qonaqlar iştirak edib. Müasir inventarlarla təchiz edilən mərkəzləşdirilmiş ofis bölgənin yeddi rayonundakı qaz şəbəkələrinin fəaliyyətinə xidmət edəcək.

Xatırladaq ki, Gürcüstan Energetika Nazirliyi ilə “SOCAR Georgia Gas” şirkəti arasında üç illik müqavilə əsasında investisiya proqramı işlənib hazırlanıb. Şirkət 2009-2010-cu illərdə 11 min abonenti qazla təmin etmək üçün yeni qaz xətləri və şəbəkələri istifadəyə verir. İndiyədək 600 km qaz xətti çəkilib və 40 km qaz xəttində reabilitasiya işləri görülüb. Hazırda Gürcüstanda 30 qazpaylayıcı şirkət Azərbaycanın təbii qazı ilə təchiz olunur.

ARDNŞ-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov jurnalistlərə açıqlamasında Gürcüstanda qaz çəkilişi ilə bağlı böyük layihələr həyata keçirildiyini vurğulayıb: “Biz demək olar ki, Gürcüstan bazarının xeyli hissəsində təbii qazın çatdırılması işində fəaliyyətimizi genişləndiririk. Elə bir region yoxdur ki, “SOCAR Georgia Gas” orada qaz çəkilişi aparmasın. Belə layihələr həm Kaxeti bölgəsində, həm Kvemo-Kartli bölgəsində, həm İmereti bölgəsində, həm də Acarıstanda və s. bölgələrdə həyata keçirilməkdədir. Bu gün Kvarelidə müasir standartlara cavab verən yeni mərkəzləşdirilmiş ofisin açılışını etdik. Belə ofislər digər bölgələrdə, eyni zamanda azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli bölgəsinin Marneuli şəhərində də tikilib istifadəyə veriləcək”.

Gürcüstanın energetika naziri Aleksandr Xetaquri jurnalistlərə bildirib ki, ARDNŞ-ın adı Gürcüstan tarixinə qızıl hərflərlə yazılmalıdır: “Bu təşkilat Gürcüstanda dövlət büdcəsinə nəinki ən yaxşı vergi ödəyicisi, həm də bu ölkənin iqtisadiyyatını çətinliklərdən qurtaran ən böyük şirkətlərdən biridir. Gürcüstanın son illər üzləşdiyi problemlər hamıya bəllidir. ARDNŞ-ın Gürcüstana gəlişi Gürcüstanı bütün bəlalardan qurtardı”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR