İstanbulda Nuri Paşanın adını daşıyan parkda son tamamlama işləri aparılır

İstanbulda Nuri Paşanın adını daşıyan parkda son tamamlama işləri aparılır
# 08 sentyabr 2017 14:13 (UTC +04:00)

İstanbulda 28 may 1918-ci ildə elan edilmiş müstəqil Azərbaycan Cümhuriyyətinin əsas hərbi dəstəkçisi və 15 sentyabr 1918-ci ildə Bakını erməni ünsürlərindən təmizləmiş Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın (Nuri Killigil) adını daşıyan parkda son tamamlama işləri aparılır.

Bu barədə APA-nın Türkiyə bürosuna İstanbul Bələdiyyəsinin park və bağçalar idarəsindən bildirilib. Məlumata əsasən, İstanbulun Bəyoğlu rayonunun Sütlüce məhəlləsində salınan parkın ərazisində bir vaxtlar Nuri Paşanın silah zavodu yerləşib. 1949-cu il martın 2-də silah zavodunun partladılması nəticəsində Nuri Paşa və zavodun 27 əməkdaşı şəhid olub. Onun meyitinin bir hissəsi partlayışdan 20 gün sonra körfəzdən tapılıb. İstanbul müftiliyi Nuri Paşanın cənazə namazının qılınmasına icazə verməyib. Nuri Paşa və iş yoldaşlarının qiyabi cənazə namazı 2016-cı il sentyabrın 28-də İstanbulun Edirnekapı şəhidliyində qılınıb, iş adamı Zeki Çelikin təmir etdirdiyi Nuri Killigil məzarlığına Türkiyə və Azərbaycan bayraqları asılıb.

Qeyd edək ki, Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın İstanbuldakı silah zavodunun yerləşdiyi parka onun adının verilməsinə nail olmaq üçün 2016-cı ilin payızında 3 nəfərdən ibarət komitə yaradılıb. Komitəyə Nuri Paşanın həyatından bəhs edən 928 səhifəlik “Nuri Killigil” kitabının müəllifi, tədqiqatçı-yazar Atilla Oral, İstanbul bələdiyyəsi muzey və kitabxanalar idarəsinin rəisi Ramazan Minder və APA-nın Türkiyə təmsilçisi Mayis Əlizadə daxil olublar. Nuri Paşanın yaxın dostu olmuş Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 2 fevral 1949-cu ildə Ankarada qurduğu Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünalın Türkiyə Xarici İşlər Nazirliyinə və İstanbul bələdiyyə başqanı Kadir Topbaşa məktublar yazmasından sonra İstanbul bələdiyyə məclisi iyun ayında Sütlüce bölgəsindəki parka Nuri Killigil adının verilməsi barədə qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR