Nazirlik: Azərbaycanda quş qripi xəstəliyinin törədicisi müəyyən edilməyib

Nazirlik: Azərbaycanda quş qripi xəstəliyinin törədicisi müəyyən edilməyib
# 10 iyun 2015 10:00 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. İyunun 1-dən quş qripi xəstəliyinə görə ölkə ərazisində başlanmış növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 20 baş çöl quşunun patoloji materialları və ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilən 1 471 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, götürülmüş nümunələrin müayinəsi iyunun 10-da başa çatıb və onların heç birində quş qripi xəstəliyinin törədicisi müəyyən edilməyib.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılmış bu nəzarət tədbiri köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib. Monitorinqin aparıldığı ərazilərdə, eləcə də ölkənin bütün təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti infeksion xəstəliyə və yaxud xəstəlikdən tələf olma hallarına təsadüf olunmayıb.

Dövlət Xidməti ölkəmizdə quş qripi və digər iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyətin sabit olmasını, cari ildə aparılan monitorinqlərin nəticələrini (cari ildə 3 dəfə monitorinq aparılıb, çöl və ev quşlarından götürülən 5 757 nümunələr müayinə edilib), köçəri, sinantrop və ev quşları arasında bu xəstəliyin hər hansı tipinə təsadüf olunmamasını və quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin payız fəslində aparılmasını nəzərdə tutur.

Hazırda quş qripi və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün DBNX aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR