Fransa şirkəti Azərbaycanda tədqiqat nüvə reaktorunun qurulması ilə bağlı təkliflərini verib

Fransa şirkəti Azərbaycanda tədqiqat nüvə reaktorunun qurulması ilə bağlı təkliflərini verib
# 03 sentyabr 2014 13:21 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Fransanın atom energetikası sahəsi üçün avadanlıqlar istehsal edən “Areva” şirkətinin ekspertlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfərini xatırladan nazir Əli Abbasov bu gəlişin ölkələrimiz arasında münasibətlərin genişləndirilməsinə xidmət etdiyini, eyni zamanda Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-Fransa biznes forumunda çıxışı zamanı fransalı prezidentin nüvə enerjisi və bərpa olunan enerji sahəsində qarşılıqlı əməkdaşlıq imkanlarına toxunduğunu bir daha diqqətə çatdırıb.

Azərbaycanda nüvə texnologiyalarının inkişaf etdirilməsi, nüvə energetikası üzrə tədqiqatların aparılması planlarından söz açan nazir Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin gələcək fəaliyyətində nüvə enerjisinin sülh və dinc məqsədlərlə istifadə ediləcəyini, artıq bu sahədə BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE), Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) ilə əməkdaşlığa başlandığını nəzərə çatdırıb.

Nazir ölkəmizdə qurulması planlaşdırılan tədqiqat nüvə reaktorunun, həmçinin regiondakı ölkələrin alimləri tərəfindən də istifadə edilə biləcəyini və buranı regional mərkəzə çevirmək arzularında olduğunu vurğulayıb.

“Areva”-nın Mərkəzi Asiya və Türkiyə nümayəndəliyinin sədri Abbas Cəlali Cəfəri “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin əməkdaşları üçün müxtəlif istiqamətlər üzrə təlimlərin təşkili, tənzimlənmənin qurulması və s. kimi işlərə başlamanın vacibliyini vurğulayıb.

Görüşdə Azərbaycanda tədqiqat nüvə reaktorunun qurulması ilə bağlı “Areva” şirkətinin təklifləri müzakirə olunub.

Bundan başqa, görüşdə maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq çərçivəsində həyata keçiriləcək işlərin sürətləndirilməsi və fəallığın daha da artırılması qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR