Əbülfəs Qarayev Azərbaycanın turizm sektoru təmsilçilərini Ümumdünya Turizm Günü münasibətilə təbrik edib

Əbülfəs Qarayev Azərbaycanın turizm sektoru təmsilçilərini Ümumdünya Turizm Günü münasibətilə təbrik edib
# 26 sentyabr 2015 18:49 (UTC +04:00)

Bakı. Cavid Zeynallı-APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın turizm sektoru təmsilçilərini 27 sentyabr – Ümumdünya Turizm Günü münasibətilə təbrik edib.

Müraciətdə bildirilir ki, 1979-cu ildə təsis edilən əlamətdar günün məqsədi turizmin təbliğ olunması və dünya iqtisadiyyatında rolunun diqqətə çatdırılması, müxtəlif ölkələrin xalqları arasında əlaqələrin inkişaf etdirilməsidir.

Turizm dünya iqtisadiyyatının aparıcı sektoruna çevrilib, dünya üzrə ümumdaxili məhsulun təxminən 10 faizi bu sahənin payına düşür. 2014-cü ildə Yer kürəsində 1 milyard 100 milyondan çox insan turizm səfərinə çıxıb. Bu il Ümumdünya Turizm Gününün “Bir milyard turist - bir milyard imkan” devizi altında qeyd olunması da turizmin qlobal miqyasının göstəricisidir.

“Bu qlobal imkanlar içində Azərbaycanın da məxsusi payı var. Azərbaycanın 2013-cü ildən Ümumdünya Turizm Təşkilatı İcraiyyə Şurasının üzvü olması, bu sahədə beynəlxalq tədbirlərə ev sahibliyi etməsi dünya turizm ictimaiyyəti tərəfindən ölkəmizə verilən dəyərin göstəricisidir”, - deyə müraciətdə vurğulanır.

Qeyd olunur ki, son illər Azərbaycanın dinamik iqtisadi inkişafı, ölkə rəhbərliyinin bu sahəyə diqqət və qayğısı turizm sənayesinin genişlənməsinə mühüm zəmin yaradıb. Bu gün turizm respublikada qeyri-neft sektorunun prioritet istiqamətlərindən biridir.

Müraciətdə daha sonra deyilir: “Azərbaycanın əlverişli təbii şəraiti, iqlim müxtəlifliyi, eləcə də zəngin tarixi-mədəni irsi turizm üçün böyük imkanlar deməkdir. Son bir neçə ildə ölkəmizdə Ümumdünya Turizm Günü ilə bərabər sentyabrın sonu - oktyabrın əvvəlində "İrs Günləri"nin də keçirilməsi, tarixi-mədəni məkanlara daha geniş ictimai diqqətin cəlb edilməsi mədəniyyət və turizm anlayışlarının vəhdətini bir daha sübut edir. Turizm məkanı dünyəvi məkandır. Turizm sayəsində mədəniyyətlərarası dialoq, insanlar arasında mübadilə, dostluq münasibətləri yaranır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR