Avstriyalı mütəxəssis: “Əsas problem müvafiq təcrübələrin doğru paylaşılmamasıdır”

Avstriyalı mütəxəssis: “Əsas problem müvafiq təcrübələrin doğru paylaşılmamasıdır”
# 30 sentyabr 2016 16:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları” mövzusunda keçirilən dəyirmi masa günortadan sonra davam edib.

APA-nın xəbərinə görə, Rusiyanın “Kurçatov İnstitutu” Milli Tədqiqat Mərkəzinin nümayəndəsi Yaroslav Ştrombax “Rusiyada nüvə enerjisinin dayanıqlı və təhlükəsiz inkişafı“ mövzusunda məruzə edib. O bildirib ki, “Kurçatov İnstitutu” atom bombasının yaradılması məqsədilə fəaliyyətə başlayıb. Onun sözlərinə görə, bu institut sualtı atom bombalarının yaradılması ilə də tanınır. Alim Rusiyada və dünyada nüvə texnologiyası sahəsində görülən işlər barədə məlumat verib.

Avstriyanın Beynəlxalq Hüquq və Qlobal Siyasi Araşdırmalar Mərkəzinin sədri Anis Bayrektareviç “İqlim dəyişməsinin geosiyasəti: Kvant buddizminin gələcəyi” mövzusunda məruzə ilə çıxış edib. Onun sözlərinə görə, bu gün üzləşdikləri əsas problem müvafiq təcrübələrin doğru paylaşılmamasıdır: “ Biz kimyəvi cəhətdən aktiv olan planetdə yaşayırıq. Elmi jurnallarda, hesabatlarda ozon qatının bərpası ilə bağlı yazılır dərc olunur. Bu da son dövrlərin ən pozitiv yazılarıdır”.

Qazaxıstanın Təhlil və Proqnoz Mərkəzinin nümayəndəsi Kazbek Kaznekov “Gələcək: verifikasiya, çağırışlar və çoxmədəniyyətlilik” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, qlobal çağırışlar öz növbəsində alternativ sivilizasiyaların yaranmasını zəruri edir.

Bakı Dövlət Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəsi Şahin Məmmədov “Elementar zərrəciklərin güclü qarşılıqlı təsirinin holoqrafik dualizmi”, Kimya üzrə Nobel mükafatı laureatı Rudolf Markus isə “F1-ATPase fermentinin bir-molekullu tədqiqi: nəzəriyyə və təcrübə ilə müqayisə” mövzusunda məruzə ilə çıxış edib.

Dəyirmi masa bununla da yekunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR