Azərbaycan prezidenti: "Ermənistandan böyük köç var, insanlar artıq o şəraitə dözmürlər"

Azərbaycan prezidenti: "Ermənistandan böyük köç var, insanlar artıq o şəraitə dözmürlər"
# 17 sentyabr 2015 22:35 (UTC +04:00)

Bakı-APA. “Bizim üstünlüyümüz ondadır ki, bizdə əhali artır. Demək olar ki, qonşu ölkələrin bir neçəsində demoqrafik tənəzzül yaşanır, xüsusilə Ermənistanda. Artıq orada yaşayanların sayı kəskin şəkildə aşağı düşüb. Ona görə ki, böyük köç var, orada insanlar artıq o şəraitə dözmürlər. Digər tərəfdən, təbii artım yoxdur. Ancaq bizdə əhali artır. Bu, bizim üstünlüyümüzdür və çox böyük üstünlükdür”. APA-nın verdiyi xəbər görə, bunu ötən gün prezident İlham Əliyev Ağsu ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, ölkə iqtisadiyyatı təbii artıma uyğun şəkildə artmalıdır: “Hər il Azərbaycanda əhalinin sayı təqribən 100 min nəfər artır, bəlkə də çox. Gələcəkdə daha da çox artacaq. Ona görə, bizim iqtisadiyyatımız buna uyğun şəkildə inkişaf etməlidir. Son illərdə 1 milyondan artıq yeni iş yeri yaradılıb. Ancaq bu, daimi proses olmalıdır. Ona görə, yeni əkin sahələrinin dövriyyəyə buraxılması, Taxtakörpü, Şəmkirçay kimi böyük su anbarlarının tikintisi, digər kiçik anbarların inşası kənd təsərrüfatının inkişafına dəstək olacaq. Çünki məşğulluq artmalıdır, işsizlik tam aradan qaldırılmalıdır və insanlar daha da yaxşı yaşamalıdırlar”.

Prezident qeyd edib ki, gələcəkdə elə məhsul istehsal olunmalıdır ki, onu istənilən xarici bazara ixrac etmək mümkün olsun: “Azərbaycan dünyaya özünü böyük həcmdə ərzaq istehsal və ixrac edən ölkə kimi də təqdim edəcək. Bu halda iqtisadi inkişaf dayanıqlı olacaq. Bizim iqtisadiyyatımız neftin qiymətindən daha da az asılı olacaq. Çünki indi dünyada gedən maliyyə-iqtisadi böhranı istər-istəməz bizə də təsir edir. Neftin qiyməti iki dəfədən çox aşağı düşüb, gəlirlərimiz azalıb. Amma biz bütün sosial layihələri icra edirik, biri də dayanmayıb”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan dünyada yaşanan bu çətin dövrdə də nümunə göstərir: “Ona görə də təsadüfi deyil ki, bu gün Azərbaycanın uğurlu inkişaf modeli haqqında məqalələr yazılır. Əminəm ki, yaxın gələcəkdə elmi əsərlər yazılacaq, dissertasiyalar müdafiə ediləcək. Azərbaycan möcüzəsi, doğrudan da möcüzədir. Belə bir geosiyasi vəziyyətdə inkişaf etmək, sabitliyi möhkəmləndirmək, ölkəni qabağa aparmaq doğrudan da Azərbaycan xalqının böyük qəhrəmanlığıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR