Azərbaycan prezidentinin ABŞ-a səfəri yüksək qiymətləndirilir - SORĞU

Azərbaycan prezidentinin ABŞ-a səfəri yüksək qiymətləndirilir - <span style="color: red;">SORĞU
# 31 mart 2016 17:15 (UTC +04:00)

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa APA-ya açıqlamasında səfərin ABŞ-Azərbaycan münasibətlərinin inkişafında yeni mərhələ olduğunu deyib. O bildirib ki, bu səfər ikitərəfli münasibətlərin bir daha gözdən keçirilməsinə imkan yaradacaq: "Xüsusilə də Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycan prezidentinin prinsipial mövqeyinin orada səslənməsi müəyyən məsələlərə öz təsirini göstərəcək. ABŞ rəsmiləri də açıqlamalarında Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdıqlarını bildiriblər. Ancaq biz daha qəti mövqe gözləyirik. Çünki ABŞ-ın beynəlxalq hüquq normalarına uyğun hərəkət etməsi dünyada sülhün bərqərar olmasında əsas rol oynayır. Ona görə də hesab edirəm ki, bu görüşlər Azərbaycanın faydasınadır və bütövlükdə Azərbaycanın problemlərinin diqqət mərkəzinə gətirilməsi üçün bir fürsətdir. Ümid edirəm ki, görüşlərin nəticəsi ABŞ-Azərbaycan münasibətlərinin inkişafına şərait yaradacaq”.

F. Mustafa qeyd edib ki, ABŞ və Azərbaycan arasında ən mühüm məsələlərdən biri təhlükəsizlik və iqtisadi sahədə əməkdaşlıqdır: "Bu məsələlərdə də mövqelərin müəyyən dərəcədə uzlaşdırılması hər iki dövlətin ən azı iqtisadi baxımdan xeyirinədir. “Cənub Qaz Dəhlizi” və başqa layihələrin bir daha müzakirə olunması və gündəmə gətirilməsi, xüsusilə də Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsindən sonra yaranmış yeni situasiyaya uyğun qərarların qəbul olunması, hər halda, iki ölkənin iqtisadi maraqlarına uyğundur. Ümid edirik ki, bu iqtiqamətdə də hər iki tərəfi qane edən qərarların qəbuluna və ya anlaşmanın əldə edilməsinə imkan yaranacaq”.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı hesab edir ki, ölkə başçısının Nüvə Təhlükəsizliyi Sammitində iştirakı Azərbaycanın dünya miqyasında nüfuzlu ölkə olduğunu sübut edir. Onun fikrincə, prezident İlham Əliyevin Con Kerri ilə keçirdiyi görüşdə səslənən fikirlər onu göstərir ki, ABŞ Azərbaycana özünün strateji müttəfiqi kimi baxır: “ABŞ Azərbaycanla münasibətlərinin yüksək səviyyədə olmasında son dərəcə maraqlıdır. Azərbaycan da öz növbəsində ABŞ-la əlaqələrinin inkişafında maraqlı olduğunu nümayiş etdirib. Prezidentin ABŞ-da keçirdiyi bütün görüşlər gələcək münasibətlərin daha yüksək səviyyədə qurulması üçün yeni bir mərhələnin başlandığını göstərir. Bu baxımdan görüşləri və bütövlükdə səfəri yüksək qiymətləndirirəm”.

Politoloq Elxan Şahinoğlu da səfərin böyük əhəmiyyətinə toxunaraq bu səfərin iki ölkə arasında münasibətlərin inkişafına yeni impuls verəcəyini vurğulayıb: “Təkcə bir gün ərzində, yəni martın 30-da, ölkə başçısı həm Con Kerri, həm ticarət naziri, həm də konqresmenlərlə görüşlər keçirib. Con Kerri ilə görüşdə çox ciddi mesajlar verilib. İlk növbədə, Kerrinin fikirlərindən bu qənaətə gəlmək olar ki, ABŞ əvvəlki kimi Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir və təhlükəsizlik, enerji sahəsində əməkdaşlıq onlar üçün çox vacibdir. Azərbaycanda iqtisadi islahatların dərinləşməsini istəyirlər və bundan da məmnundurlar. Eləcə də, prezident İlham Əliyevin mesajlarından bu qənaətə gəlmək olar ki, Azərbaycan ABŞ-ı özünə əvvəlki kimi dost və strateji tərəfdaş sayır. ABŞ Azərbaycanın enerji layihələrinə dəstək verir və bu dəstəyi Azərbaycan 25 ildir ki, hiss edir. Bu mənada bu görüşlər çox əhəmiyyətlidir. Eyni zamanda, hesab edirəm ki, iqtisadi əməkdaşlıq da güclənəcək. Ölkə başçısı da görüşdə vurğulayıb ki, bu illər ərzində ABŞ Azərbaycana 10 milyard dollara yaxın investisiya yatırıb. Bu investisiyaların davamlı olmasında Azərbaycan maraqlıdır”.

E. Şahinoğlu əlavə edib ki, Vaşinqtonda aparılan danışıqlar Dağlıq Qarabağ münaqişəsinin həllinə də töhfə verə bilər: “Çünki ilk növbədə Ermənistana iki böyük dövlətin təsir var. Bunlardan biri Rusiyadırsa, digəri ABŞ-dır. ABŞ bu imkanlarından istifadə edərək, Ermənistana ən azı Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltması üçün təsir göstərə bilər”.

Politoloq Qabil Hüseynli də prezidentin ABŞ-a səfərini və Con Kerri ilə görüşünü yüksək qiymətləndirib. O, görüşdə mühüm məsələlərin müzakirə olunduğunu vurğulayaraq, tərəflərin ortaq qənaətə gəldiyini söyləyib: “Bu da onu göstərir ki, görüş səmimi və qarşılıqlı anlaşma şəraitində keçib. ABŞ tərəfi Azərbaycanın strateji əhəmiyyətini qiymətləndirərək, Azərbaycan prezidenti ilə bölgədəki bir sıra məsələlərə dair fikir mübadiləsi aparıb. Azərbaycan prezidentinin sözlərinə görə, görüşdə bölgədəki təhlükəsizlik kontekstində Dağlıq Qarabağ probleminə də toxunulub. Bu problemin müzakirəsinin əhəmiyyəti ondan ibarətdir ki, son zamanlar ABŞ tərəfi Dağlıq Qarabağ problemi ilə bağlı “status-kvo”nun dəyişdirilməsi istiqamətində səylər göstərir, amma bu səylər yalnız 7 rayonun azad edilməsi məsələsindən ibarətdir. Problem yaradan cəhətləri, ermənilərin riyakar rolunu Con Kerriyə bir daha xatırlatmaq və bu prosesi kimlərin pozduğunu onlara anlatmaq lazım idi. İnanıram ki, prezident Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-Ermənistan münasibətləri haqqında Kerriyə çox ətraflı və tutarlı faktlara söykənən fikirlər çatdırıb və bu fikirlər yəqin ki, ABŞ-ın siyasətinin formalaşmasında öz rolunu oynayacaq. Bu görüşün məzmunu birbaşa prezident Barak Obamaya çatdırılacaq ki, bu da onun bölgəyə dair Azərbaycan prezidentinin fikirləri ilə tanış olacağı anlamına gəlir. Qarşıda hələ prezident İlham Əliyevin Barak Obamayla da qısamüddətli görüşü gözlənilir”.

Politoloq prezidentin ABŞ səfərinin çox məhsuldar olacağını və bunun bütövlükdə Azərbaycanın beynəlxalq münasibətlərdə oynadığı rola yeni bir dinamizm verəcəyinə əminliyini ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR