Penitensiar müəssisələrdə 26 seçki məntəqəsi yaradılıb

Penitensiar müəssisələrdə 26 seçki məntəqəsi yaradılıb
# 14 sentyabr 2016 09:49 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabe qurumlarında (istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri) Konstitusiyaya dəyişiklikləri ilə əlaqədar sentyabrın 26-a təyin edilmiş referenduma hazırlıq işlərinə həsr olunmuş seminar-məşğələ keçirilib.

APA-nın məlumatına görə, seminar-məşğələdə Penitensiar Xidmətin rəhbərliyi, Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova, MSK Katibliyinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrinin rəisləri, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrinin yerləşdiyi dairələrin seçki komissiyalarının sədrləri iştirak ediblər.

Penitensiar Xidmətin rəisi Ceyhun Həsənov deyib ki, referendum insan hüquq və azadlıqlarının müdafiəsinə, prezidentlik institutunun gücləndirilməsinə xidmət edir: “Konstitusiyaya edilən dəyişiklik də zərurətdən irəli gəlir. Dəyişikliklər islahatların daha sürətlə həyata keçirilməsinə zəmin yaradacaq”.

C. Həsənov Penitensiar Xidmətin tabe qurumlarında referendumla əlaqədar Tədbirlər Planı təsdiqləndiyini bildirib: “Penitensiar Xidmətin rəisi müavininin rəhbərliyi ilə qərargah yaradılıb. İstintaq təcridxanaları və cəzaçəkmə müəssisələrinin yerləşdiyi 14 ərazi dairəsində 26 seçki məntəqəsi var. Penitesiar Xidmətin tabe qurumlarında səsvermənin şəffaf şəkildə keçirilməsi təmin olunacaq”.

Arifə Muxtarova bildirib ki, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində olan şəxslərin səsvermə hüquqları var: “Bir sıra Avropa və MDB ölkələrində məhbusların və istintaq təcridxanasında olan şəxslərin səsvermə hüququ yoxdur. İstintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində səsvermənin təşkili ilə əlaqədar MSK ilə bərabər Penitensiar Xidmətin üzərinə də mühüm vəzifə düşür”.

A. Muxtarova referendumun təşkili və səsvermə proseduru ilə əlaqədar geniş məlumat verib: “MSK-da qeydiyyatdan keçmiş müşahidəçilər respublika üzrə bütün qapalı seçki məntəqələrində, dairədə qeydiyyatdan keçmiş müşahidəçilər isə həmin dairədə qapalı seçki məntəqəsi varsa, həmin seçki məntəqəsində seçki prosesini izləyə bilər. KİV nümayəndələrinin jurnalist vəsiqəsi ilə seçki prosesini izləmək imkanları var. Sadəcə, ona diqqət etmək lazımdır ki, məhbuslar onların görüntüsünü yayılmasını istəməyə bilər. Bu, onların hüquqlarıdır. Bu halda KİV nümayəndələri bu məqamı nəzərə almaqla seçki prosesini izləyə bilərlər”.

Şahin Əsədli MSK-nın qəbul etdiyi Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirildiyini deyib.

Seminar-məşğələ müzakirələrlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR