Son illərdə 5 mindən çox Qarabağ müharibəsi əlilləri və şəhid ailələri mənzillə təmin olunub

Son illərdə 5 mindən çox Qarabağ müharibəsi əlilləri və şəhid ailələri mənzillə təmin olunub
# 19 aprel 2016 15:49 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçən il və cari ilin ötən dövründə 385 nəfər, o cümlədən 180 nəfər Qarabağ müharibəsi əlili, 205 şəhid ailəsi müasir tələblərə cavab verən yeni mənzillərlə təmin ediliblər.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə bu vaxta qədər nazirliyin xətti ilə 5 336 nəfər əlil və şəhid ailəsi mənzillə təmin olunub. Azərbaycan prezidentinin sərəncamına əsasən 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulub. Hazırda sərəncamın icrası olaraq, respublikamızın bölgələrində yeni fərdi yaşayış evlərinin, çoxmənzilli binaların tikintisi, hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Bundan başqa, Qarabağ müharibəsi əlillərinin minik avtomobilləri ilə təminatı da diqqətdə saxlanılır. 2013-cü il qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hələ 2014-cü ildə artıq həmin ilədək növbədə dayanan bütün imtiyazlı şəxslərin avtomobillə təminatı başa çatdırılmaqla, 2014-cü il ərzində növbəyə dayananların avtomobillə təminatına başlanılıb. İndiyədək ölkəmizdə dövlət tərəfindən 5 750 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə minik avtomobili verilib ki, onların 33,6%-i (1 933 nəfər) məhz 2014-2015-ci illərdə “Naz-LİFAN” markalı avtomobillə təmin ediliblər.

Qarabağ müharibəsi əlilləri əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə də təmin edilirlər. Şəhid ailələrinə də Azərbaycan Prezidentinin aylıq təqaüdü ödənilir. Dövlət başçısının fərmanı ilə həmin təqaüdlərin məbləği cari ilin fevralın 1-dən 10% artırılıb.

Eyni zamanda Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin 16 yaşadək (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə görə aylıq sosial müavinət də ödənilir və bu müavinətin məbləği cari il fevralın 1-dən 10% artırılıb.

Yaşa görə əmək pensiyası təyin edilmiş şəhid ailəsi üzvünün hər birinin əmək pensiyasının baza hissəsinin üzərinə əlavə də hesablanır. Digər tərəfdən, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət də ödənilir.

Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin övladlarının təhsilinə də xüsusi diqqət və qayğı göstərilir. Belə ki, Azərbaycan prezidentinin sərəncamına əsasən, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanların, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların, şəhid ailələrinin respublikamızın ali təhsil müəssisələrində bakalavr və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqının 2014/2015-ci tədris ilindən etibarən Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinə başlanılıb.

Ölkənin əmək qanunvericiliyində Qarabağ müharibəsi əlilləri və şəhid ailəsi üzvləri üçün bir sıra imtiyaz və güzəştlər də əksini tapıb. Qeyd olunanlarla yanaşı, bu təbəqələrdən olan vətəndaşların dövlət hesabına bərpa-müalicəsinin və reabilitasiyasının təşkili, onların reabilitasiya vasitələri ilə təminatı istiqamətində də müvafiq tədbirlər həyata keçirilir.

Respublika Əlillərin Bərpa Mərkəzi əlilliyi olan vətəndaşlara, xüsusən də ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə ən müasir tələblərə uyğun səviyyədə tibbi-sosial reabilitasiya xidmətinin göstərilməsinə şərait yaradıb. Ümumilikdə, nazirliyin bərpa-müalicə müəssisələrində hər il 8 mindən çox əlilliyi olan şəxsə müvafiq xidmətlər göstərilir ki, onlardan mühüm bir qismini də Qarabağ müharibəsi əlilləri təşkil edir. Bununla bərabər, onların xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili də təmin edilir. Təkcə 2015-ci ildə əvvəlki illə müqayisədə 64,6% çox, yəni 265 nəfər xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndərilib ki, onlardan bir hissəsi də məhz Qarabağ müharibəsi əlilləri olub.

Azərbaycanda sosial müdafiə sahəsinə daim artan dövlət qayğısı həmin insanların hərtərəfli təminatının güclənməsinə yönələn işlərin qarşıdakı dövrdə də uğurla davam etdirilməsinə əsas yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR