Fransada Azərbaycan biznesi və mədəniyyətinə həsr olunmuş tədbir keçirilib

Fransada Azərbaycan biznesi və mədəniyyətinə həsr olunmuş tədbir keçirilib
# 28 may 2016 15:09 (UTC +04:00)

Bakı-APA. Fransanın Reyms şəhərində Azərbaycan biznesini və mədəniyyətini bir araya gətirən tədbir keçirilib. Tədbir Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa nümayəndəliyinin, “Jazzus Productions”, “CCI International Champagne-Ardenne” şirkətinin və Azərbaycanın Fransadakı səfirliyinin birgə əməkdaşlığı şəraitində baş tutub.

TEAS-dan APA-ya bildirilib ki, tədbir Reyms və bu regionun 30-dan artıq şirkətinin nümayəndəsinin iştirak etdiyi dəyirmi masa arxasında mədəni əməkdaşlığın ölkənin daha da dərindən öyrənilməsindəki rolunun və iqtisadiyyata müsbət təsirinin müzakirəsi ilə başlayıb. Avropa Azərbaycan Cəmiyyətinin Fransa nümayəndəliyinin rəhbəri Marie-Laetitia Gourdin 2012-ci ildə Reymsdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən məşhur “Azərbaycan - Pearl of the Caucasus” (Azərbaycan - Qafqazın mirvarisi) adlı sərginin keçirilməsi haqqında məlumat verib. Bildiribv ki, ötən il TEAS “Sunnyside Festival” kimi tanınmış və “Jazzus Productions” tərəfindən təsis edilmiş yeni caz festivalının dəstəkləməsi haqqında razılıq əldə olunub.

M. Gourdin qeyd edib ki, özündə Avropa ilə Şərq dünyasını birləşdirən Azərbaycan dünyəvi bir dövlətdir və Avropa İttifaqının yaxın tərəfdaşıdır. O, TEAS-ın Fransa və Azərbaycan şəhərləri arasındakı əməkdaşlığa dəstək verdiyindən, Kolmar və Mulhouse şəhərlərində keçirilən Azerbaijan Through the Lens foto sərgisindən, Azərbaycan milli koloritini tərənnüm edən məhsulların Parisdəki Milad Bazarında sərgilənməsindən danışıb.

Məşhur fransız bəstəkar, “Xocalı 613” musiqi əsərinin müəllifi Pyer Tilloy 2001-ci ildə Fransanın Azərbaycandakı səfirliyində mədəniyyət müşaviri kimi fəaliyyətindən, ölkəmizə mütəmadi səfər etməsindən və orada gördüklərindən danışıb. O qeyd edib ki, Azərbaycan varlığını dərk etməyin ən optimal yolu musiqidir və o azərbaycanlıların daxili aləminin əsas komponentinə çevrilib. Tədbir iştirakçılarına 20-ci əsrin görkəmli Azərbaycan bəstəkarları haqqında məlumat verən Pyer Tilloy deyib ki, mürəkkəb mövzuların müzakirəsində musiqidən əvəzolunmaz alət kimi istifadə oluna bilər.

Azərbaycanın Fransadakı səfirliyinin birinci katibi Ayaz Qocayev Heydər Əliyev Fondunun Fransada Azərbaycanın tanıdılması istiqamətində gördüyü işlərdən söhbət açıb. O, fondun Strasburq Kafedral Kilsəsində 14-cü əsrin yadigarı olan beş vitrajın, Basse-Normandie əyalətində yerləşən bir neçə kənd kilsəsinin bərpasına verdiyi töhfəsindən və Luvr muzeyində İslam bölməsinin yaradılmasında mühüm rolundan danışıb.

Daha sonra Azərbaycanın qeyri-neft sektorunun imkanlarına həsr olunmuş dəyirmi masa keçirilib. Vurğulanıb ki, Azərbaycan hökuməti ölkə iqtisadiyyatını hərtərəfli inkişaf etdirməyə, qeyri neft sektorundan asılılığını azaltmağa və Fransız şirkətləri ilə əməkdaşlığa çalışır.

Tədbirdə iştirak edən “Partner at Dentons” şirkətinin hüquq məsləhətçisi James Hogan Azərbaycanın hüquqi və biznes sistemi haqqında məlumat verib, Azərbaycandakı stabillikdən bəhs edbi.

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Fransadakı nümayəndəsi Sərxan Ələkbərov Fransız sahibkarlarını Azərbaycan bazarına, öz növbəsində Azərbaycan sahibkarlarının Fransa bazarına daxil olması üçün Azərbaycan Sahibkarlar Konfederasiyasının apardığı işlərdən danışıb.

Sonda “CCI International Champagne-Ardenne” şirkətinin direktoru Claude Humbert hazırda Azərbaycanda inkişaf etdirilən iqtisadi sahələrdən danışıb.

Tədbir “Sunnyside Jazz Festival” çərçivəsində baş tutan jaz ifaçısı Elçin Şirinovun konserti ilə başa çatıb. E.Şirinov caz, blyuz, fank və digər musiqi cərəyanlarını Azərbaycan muğamı və klassik musiqisi ilə sintezini etməklə məşhurlaşıb. Onun Qara Qarayevin məşhur “Yeddi Gözəl” baletinə, “Sarı Gəlin” və “Durna” adlı populyar Azərbaycan xalq mahnılarına bəstələdiyi caz kompozisiyalar və onun şəxsi qələmindən çıxmış kompozisiyalar hər bir caz həvəskarını valeh edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR