AFFA-nın hüquqşünası: “Kosovo ilə oynamağa məcburuq”

AFFA-nın hüquqşünası: “Kosovo ilə oynamağa məcburuq”
# 18 may 2016 15:52 (UTC +04:00)

Bakı - APA. “Müstəqil ölkə kimi tanımadığımız Kosovonun yığması və ya klubları ilə qarşılaşmalı olsaq, təbii ki, oynamalıyıq. Çünki bizim də üzv olduğumuz baş təşkilatlar onları üzv kimi qəbul edib”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın hüquqşünası Rəmiş Malıyev deyib.

Assosiasiya rəsmisi bu günlərdə UEFA və FİFA-ya üzv qəbul olunan Kosovo ilə Azərbaycan yığmalarının və klublarının qarşılaşıb-qarşılaşmayacağına aydınlıq gətirib.

O bildirib ki, AFFA rəhbərliyi onların beynəlxalq qurumlara üzvlüyünün əleyhinə səs versə də, digər dövlətlər bunda maraqlı olduqlarından, Serbiyadan ayrılan Kosovo təmsilçilərimizə potensial rəqib olub: “Seçkilər demokratik keçirilib. Biz Kosovonun namizədliyinin əleyhinə səs versək də, onlar UEFA, ardınca da FİFA-ya üzv qəbul olunub. Birbaşa bizim dövlətlə onların arasında konflikt olmadığı üçün onlarla oyunlarda iştirak etməyə məcburuq. Həm yığması, həm də klub səviyyəsində”.

Malıyevin sözlərinə görə, təmsilçilərimiz UEFA və FİFA-nın yeni üzvü ilə oyunlara çıxmasa, bizə ciddi sanksiyalar tətbiq oluna bilər: “Serbiyanın da, bizim də üzv olduğumuz beynəlxalq təşkilat Kosovonun üzvlüyünü rəsmi şəkildə bəyan edib. Əgər həmin beynəlxalq təşkilatın qaydalarına zidd hərəkət etsək, bizi yarışlardan kənarlaşdıra bilərlər. Düzdü, biz Kosovonun üzv qəbul olunmasını istəmirdik və əleyhinə səs vermişdik. Ancaq istəməsək belə, bu qərar qəbul olunub. Kosovo Ermənistan deyil ki, onlarla oynamayaq. Hətta ermənilərlə də digər idman növlərində bizimkilər qarşılaşırlar. Yalnız futbolda konflikt olmamağı üçün bunu dayandırıblar. Dediyim kimi, əgər püşk bizimkilərin qarşısına Kosovonu çıxarsa, oynamağa, həmin qərara hörmət etməyə məcburuq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR