Elvin Məmişzadə: “Dünya çempionatında hər 2 məqsədimə çatdım”

Elvin Məmişzadə: “Dünya çempionatında hər 2 məqsədimə çatdım”
# 16 oktyabr 2015 13:00 (UTC +04:00)

Bakı – APA. “Sevincimin həddi-hüdudu yoxdu, böyükdü. Azərbaycanda 4-cü dünya çempionuyam”.

Bunu apasport.az saytına boks üzrə dünya çempionu Elvin Məmişzadə deyib.

Qətərin paytaxtında 52 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan boksçumuz qələbə sevincini bölüşüb: “Belə qələbələr barmaqla sayılacaq qədərdi. Dünya çempionlarının siyahısında olmağım həqiqətən üçün böyük sevincdi. Sözlərlə bunu ifadə edib, fikrimi çatdıra bilmirəm”.

Finalda kubalı Yosbani Veytia ilə görüşün çətin keçdiyini deyən E. Məmişzadə rəqibini məğlub etməyin sirrini də açıqlayıb: “Deyərdim ki, final döyüşüm çətin alındı. Digər qarşılaşmalarımda ciddi rəqabətlə üzləşmədim, asan keçdi. Rəqibimi məşqçilərimizin verdiyi düzgün taktikanın hesabına məğlub etdim. Fikrimcə, onun məsləhətlərini lazımınca yerinə yetirdim. Hər yarışa məhz çempionluq üçün hazırlaşırsan. Mən də Dohaya gedəndə qarşıma lisenziya və qızıl medal qazanmaq hədəfi də qoymuşdum. Şükürlər olsun ki, hər 2 məqsədimə çatdım”.

Dünya çempionumuz komanda yoldaşı Albert Səlimovun finalda kubalı Lazaro Alvareslə döyüşdə məğlubiyyətinə də münasibət bildirib. Onun sözlərinə görə, 60 kq çəki dərəcəsində rinqə çıxan boksçumuzun bəxti gətirməyib: “Görüşün gedişində qaşı açıldı. Əgər bu xoşagəlməz hadisə yaşanmasaydı, tam fərqli nəticə qeydə alınacaqdı. Fikrimcə, Səlimov da qələbə qazanacaqdı”.

Dünya çempionatında finala yüksəlməklə, gələn il keçiriləcək Rio-de-Janeyro Olimpiadasına lisenziya da qazanan E. Məmişzadə qarşıdakı planlarını da açıqlayıb: “Hələlik komanda istirahətə buraxılıb. Baş məşqçinin məsləhətindən sonra planlarımızı biləcəyik. Təbii ki, Olimpiadaya da çox ciddi hazırlaşacağam və məqsədim uğurlu çıxışları davam etdirməkdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR