Ərdoğan: “Türkiyə öz təhlükəsizliyi ilə bərabər dünyanın enerji təhlükəsizliyi üçün də mübarizə aparır”

Ərdoğan: “Türkiyə öz təhlükəsizliyi ilə bərabər dünyanın enerji təhlükəsizliyi üçün də mübarizə aparır”
# 10 oktyabr 2016 15:17 (UTC +04:00)

Bakı – APA. “Türkiyə alternativ enerji qaynaqları baxımından zəngin bir ölkədir. Günəş, külək və su elektrik enerjisinin ölkənin enerji təchizatında çəkisini 30 faizə çatdırmağı qarşımıza qoymuşuq”.

APA-nın məlumatına görə, bunu İstanbulda 23-cü Dünya Enerji Konqresinin açılış mərasimində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, son vaxtlar neftin qiyməti aşağı düşür və bu da neft sahəsinə qoyulan sərmayələrin azalması təhlükəsini yaradır: “Biz bu məsələləri müzakirə etməliyik. Neftin qiymətinə müvafiq olaraq təbii qazın qiyməti də enməlidir”.

R. T. Ərdoğan qeyd edib ki, zəngin karbohidrogen qaynaqlarına sahib olmaq təkbaşına zənginliyə, sabitliyə nail olmaq demək deyil: “Afrikada və Orta Şərqdə biz bunu görürük. Hətta bu bölgələrdə yaşayan insanların çoxunun enerji təminatı sahəsində problemləri var”.

Türkiyə prezidenti İraq və Suriyaya maraqlarının əsas səbəblərindən birinin bu ölkələrdə fəaliyyət göstərən PKK və İŞİD terror təşkilatları olduğunu bildirib: “Dünən Şəmdinlidə PKK terrorçularının törətdiyi terror aktı nəticəsində 18 əsgər və mülki şəxs həyatını itirib, bu gün onlar dəfn edilirlər. Bu, təhlükəsizlik qurumlarımızın mübarizəsi ilə küncə sıxılmış PKK-nın son cəhdləridir. Ancaq terror qlobal problem olduğu üçün dünyanın terrorla birgə mübarizəsi vacibdir. Türkiyənin İraq və Suriyada fəaliyyəti bir məcburiyyətdir. Türkiyə öz təhlükəsizliyi ilə bərabər dünyanın enerji təhlükəsizliyi üçün də mübarizə aparır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR