Ağdaşda KİV nümayəndələri üçün seminar keçirilib

Ağdaşda KİV nümayəndələri üçün seminar keçirilib
# 26 may 2016 10:49 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov – APA. 90 saylı Ağdaş Dairə Seçki Komissiyasının inzibati binasında iyunun 18-də rayonda keçiriləcək təkrar seçkilərlə əlaqədar jurnalistlərin seçki prosesində fəaliyyətinə dair seminar təşkil olunub.

APA-nın yerli bürosunun xəbərinə görə Mərkəzi Seçki Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə keçirilən seminarda DSK-nın sədr və üzvləri, 40 məntəqə seçki komissiyasının sədr və üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, KİV əməkdaşları iştirak ediblər.

Seminarda Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçkiqabağı təşviqata dair ümumi tələblər”, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndəsi Samir Mustafayev isə “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar jurnalistlərin seçki prosesində fəaliyyətinin əsasları” mövzusunda məruzə ediblər. Natiqlər seçkiqabağı təşviqata dair ümumi tələblərdən danışıb, seçkiqabağı təşviqat subyektləri, onların hüquq və vəzifələri, seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri barədə geniş məlumat veriblər.

Qeyd edilib ki, Ağdaşda bu seminarın təşkilində əsas məqsəd Milli Məclisə seçkilər ərəfəsində jurnalistləri maarifləndirmək, onlara qanunvericiliklə müəyyən olunmuş hüquq və vəzifələri izah etməkdir.

DSK sədri Nurəddin Nəsibov çıxış edərək seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın təşkilinə şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması istiqamətində görüləcək işlərdən danışıb. O məlumat verib ki, rəhbərlik etdiyi DSK-nın 40 seçki məntəqəsi fəaliyyət göstərir. Dəqiqləşdirilən siyahıya əsasən seçicilərin sayı 40 min 203 nəfərdir. Seçkilərin demokratik, şəffaf və ədalətli keçirilməsi üçün bütün məntəqələrdə lazimi şərait yaradılıb. Məntəqələrdən 10-da veb-kameralar quraşdırılıb ki, bu da seçki günü səsvermənin gedişini onlayn izləmək imkanı yaradacaq. 241 nəfər ilk dəfə səs verəcək, seçicilərdən 6 nəfərin yaşı 100-dən yuxarıdır. Hazırda seçki məntəqələrinin səsvermə üçün tam hazır vəziyyətə gətirilməsi istiqamətində lazımı işlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR