Ağdaşda MM-ə təkrar seçkilərlə bağlı ixtisaslaşdırılmış kurslar təşkil olunub

Ağdaşda MM-ə təkrar seçkilərlə bağlı ixtisaslaşdırılmış kurslar təşkil olunub
# 20 may 2016 15:27 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov - APA. Bu gün 90 saylı Ağdaş Dairə Seçki Komissiyasının inzibati binasında iyunun 18-də Milli Məclisə keçiriləcək təkrar seçkilərlə əlaqədar dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar təşkil olunub. Seminarda 40 məntəqə seçki komissiyasının sədri iştirak edib.

APA-nın yerli bürosunun xəbərinə görə kursda Mərkəzi Seçki Komissiyasının üzvü Bəxşeyiş Əsgərov “Seçki prosesində KİV-in rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri” mövzusunda məruzə edib. İxtisaslaşdırılmış kursda Milli Məclis seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələrindən və fəaliyyətlərinin təşkilindən danışılıb. 90 saylı Ağdaş DSK-nın sədri Nurəddin Nəsibov, Ağdaş rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Şirazi Qasımov çıxış edərək seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın təşkilinə şəraitin yaradılması, bildirişlərin seçicilərə çatdırılması istiqamətlərində yerli icra orqanlarının və bələdiyyə qurumlarının rolundan, onların seçki komissiyaları ilə səmərəli və qarşılıqlı əlaqələrinin qurulmasından bəhs olunub. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

90 saylı Ağdaş DSK-nın sədri Nurəddin Nəsibov məlumat verib ki, rəhbərlik etdiyi DSK-nin nəzdində 40 seçki məntəqəsi fəaliyyət göstərir. Dəqiqləşdirilmiş siyahıya əsasən, seçicilərin sayı 40 min 203 nəfərdir. Seçkilərin demokratik, şəffaf və ədalətli keçirilməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. Məntəqələrdən 10-da veb-kameraların quraşdırılıb ki, bu da seçki günü səsvermənin gedişini onlayn izləmək imkanı yaradacaq. Ümumilikdə 241 nəfər ilk dəfə səs verən seçici qeydiyyata alınıb. Bundan əlavə seçicilərdən 6 nəfərin yaşı 100-dən yuxarıdır. Hazırda seçki məntəqələrinin səsvermə üçün tam hazır vəziyyətə gətirilməsi istiqamətində lazımı işlər görülür.

Rayonda seçkiqabağı təşviqatın aparılması üçün yerlər ayrılıb, seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün lövhələr quraşdırılıb.

Sonda seminar iştirakçılarına "Seçki günü üçün yaddaş” kitabçası paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR