QMİ-də 31 Mart - Azərbaycanlılarının Soyqırım günü ilə bağlı tədbir keçirilib

QMİ-də 31 Mart - Azərbaycanlılarının Soyqırım günü ilə bağlı tədbir keçirilib
# 30 mart 2016 11:19 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Qafqaz Müsəlmanları İdarəsində 31 Mart - Azərbaycanlılarının Soyqırım günü ilə bağlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, dini icmaların rəhbərləri, elm və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxışında şəhidlərə rəhmət diləyib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı QMİ tərəfindən soyqırım qurbanlarının yad edilməsini və bununla bağlı dini konfessiyaların rəhbərləri adından müraciətin qəbulunu təqdir edib.

Tarixçi Anar İsgəndərov bildirib ki, ermənilərin 19-u əsrin sonu, 20-ci əsrin əvvəllərində dövlətləri olmasa da, erməni kilsəsi və Daşnaksutyun Partiyasının xətti ilə onlar Azərbaycan türklərinə qarşı bir dövlət kimi çıxış ediblər: “Osmanlıda öz maraqlarını təmin edə bilməyən, dövlət qura bilməyərək qovulan erməni dəstələri Şimali və Cənubi Azərbaycanda böyük soyqırımlar törətdilər. Hətta soyqırımdan qurtulmaq üçün Təzəpir məscidinin həyətinə sığınan azərbaycanlıları qırmaq üçün rusları inandırmağa çalışdılar. Rus donanması Xəzər dənizindən Təzəpir məscidini atəşə tutub, məscidin minarəsi zədələnib. Şeyxülislamın tövsiyəsi ilə camaat ağ bayraq qaldırıb, ruslar inandırılıb ki, vəziyyət fərqlidir”.

Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Melix Yevdayev yəhudilərin yəhudi, azərbaycanlıların azərbaycanlı olduğu üçün qətlə yetirildiyini vurğulayıb: “Əgər zorun gücü varsa, gücsüzün də Allahı var”.

Azərbaycandakı katolik icmasının rəhbəri Vladimir Fekete Azərbaycan kimi stabil, təhlükəsiz ölkədə yaşamaqdan xoşbəxt olduğunu söyləyib.

Bakı və Azərbaycan arxiyepiskopu Aleksandrın nümayəndəsi Konstantin tədbirdə dini icmalar adından müraciətin qəbul edilməsinin mühüm addım olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR