Uruqvayın "La Diaria" qəzetində Azərbaycan diplomatı erməni icmasının üzvü olan jurnalistə cavab verib

Uruqvayın "La Diaria" qəzetində Azərbaycan diplomatı erməni icmasının üzvü olan jurnalistə cavab verib
# 28 oktyabr 2015 22:25 (UTC +04:00)

Bakı-APA. Oktyabrın 7-də Uruqvayın "La Diaria" qəzetində erməni icmasının üzvü, jurnalist Stefani Demirdjianın Ermənistan-Azərbaycan münaqişəsi və ölkəmizlə bağlı qərəzli və təhrif edilmiş məlumatlara əsaslan məqaləsi dərc olunub. Buna cavab olaraq, Azərbaycanın Uruqvaydakı diplomatik missiyasının müvəqqəti işlər vəkili Ruslan Rzayevin həmin qəzetin redaksiyasına ünvanlandığı məktub qəzetin 27 oktyabr buraxılışında dərc olunub.

Missiyadan APA-ya verilən məlumata görə, məktubunda azərbaycanlı diplomat bildirir ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizin tərkib hissəsi kimi tanınır. “Ermənistan Azərbaycana qarşı hərbi təcavüz edərək Dağlıq Qarabağ və yeddi rayon da daxil olmaqla Azərbaycanın 20% ərazisini işğal etmiş, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirmiş, bir milyon azərbaycanlını qaçqın və məcburi köçkünə çevirmiş, mülki azərbaycanlı əhaliyə qarşı qətliamlar, Xocalı soyqırımını törətmişdir”, deyə yazıda qeyd olunur. İşğal edilmiş ərazilərdə bir nəfər belə azərbaycanlının qalmadığını və həmin ərazilərdə Azərbaycana məxsus tarixi-mədəni irsin dağıdıldığını bildirən diplomat BMT də daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların öz qətnamə və sənədləri ilə Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıdıqlarını, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmasını və azərbaycanlı məcburi köçkünlərin öz doğma evlərinə qayıtarılmasını tələb etdiyini vurğulayıb.

Ermənistanın beynəlxalq ictimaiyyətin bu mövqeyini inkar edərək münaqişədə status kvonu saxlamağa çalışdığını yazan diplomat münaqişənin həllində əsas maneənin Ermənistanın qeyri-konstruktiv mövqeyi olduğunu bildirib. “Hərbi-kriminal diktatura rejiminə malik olan Ermənistan beynəlxalq hüquq və fundamental demokratik prinsiplərə hörmətsiz yanaşır. Hazırkı rejimin rəhbərləri əvvəllər Dağlıq Qarabağ separatçılarına başçılıq etmiş, mülki azərbaycanlılara qarşı Xocalı soyqırımı da daxil olmaqla qətliamlar törətmiş, sonradan isə Ermənistanda öz dinc vətəndaşlarına qarşı qətllər və terror həyata keçirərək hakimiyyəti qəsb etmiş şəxslərdir”, deyə Ruslan Rzayev qeyd edib. Diplomat yazısında əlavə edib ki, Ermənistandakı rejim münaqişənin həllində maraqlı deyil, münaqişə ilə bağlı status kvonun saxlanılması çətin iqtisadi vəziyyətə və yoxsulluğa görə hər il ölkəni tərk edərək getdikcə azalan ölkə əhalisinin geniş etirazlarının qarşısını almaq üçün bu rejimin əlində vasitədir və konstitusiya islahatları irəli sürməkdə Ermənistandakı rejimin məqsədi hakimiyyəti əbədiləşdirməkdir.

Bu siyasətlə Ermənistanın dünyanın ən geridə qalmış ölkələrindən birinə çevrildiyini, Ermənistanın ciddi problemlərinin həllinin yalnız Azərbaycanla əməkdaşlıqdan asılı olduğunu vurğulayan diplomat Cənubi Qafqaz iqtisadiyyatının 80%-nin Azərbaycana məxsus olduğunu və ölkəmizin regional inkişafın aparıcı qüvvəsi olduğunu bildirib. “Ermənistanın Azərbaycana qarşı təcavüzü regional sülh və təhlükəsizlik üçün əsas təhdiddir. Ermənistan Azərbaycanla sülh əldə etmək üçün tələsməli və ilk addım kimi işğal etdiyi ərazilərdən öz qoşunlarını çıxarmalıdır”, deyə diplomat yazısını tamamlayır.

Yazı ilə qəzetin internet səhifəsindən tanış olmaq mümkündür http://ladiaria.com.uy/articulo/2015/10/respuesta-de-la-embajada-de-la-republica-de-azerbaiyan/

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR