Mütəxəssis: “Endokrin sonsuzluqların sayı artıb”

Mütəxəssis: “Endokrin sonsuzluqların sayı artıb”
# 08 fevral 2016 12:30 (UTC +04:00)

“Son zamanlar endokrin sonsuzluqların sayı artıb. Demək olar ki, endokrin sonsuzluqlar bütünlükdə sonsuzluqların 60-70 faizini təşkil edir”.

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında həkim-endokrinoloq, Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Səbinə Məşədiyeva deyib.

Mütəxəssis bildirib ki, ötən sərin 70-80-ci illərində bu, 30-40 faiz olub. Endokrinoloq qeyd edib ki, kişilər arasında endokrin sonsuzluqlara qadınlardan daha az təsadüf olunur: “Son statistik məlumatlara görə, kişilər arasında endokrin sonsuzluqlar 30-40 faiz təşkil edir. Qadınlarla bağlı olan rəqəm isə daha böyükdür. Amma ümumi olaraq qadınlar və kiçilər arasında sonsuzluq payı eynidir”.

Artımın səbəbləri barədə danışan mütəxəssisin sözlərinə görə, burada son illərdə əhali arasında şəkərli diabet xəstəliyinin, metabolik pozğunluqların yayılması, onlara meylliyin artmasının böyük rolu var. Endokrinoloq son on ildə böyrəküstü vəzin və hipofiz vəzinin xəstəliklərinin də sayının artdığını bildirib: “Bu baxımdan bu problemlərin də rolunun olduğunu düşünürük. Digər tərəfdən, son illərdə diaqnostik metodların inkişafı, müayinə imkanların daha geniş olması da burada rol oynayır. Eyni zamanda son illərdə sonsuzluq halları ilə bağlı endokrinoloq müayinəsinə daha tez cəlb olunma hallarına rast gəlinir. Bu da təbii ki, müsbət haldır”.

O, sonsuzluğun həm də hormonal pozğunluğun simptomlarından biri olduğunu vurğulayıb.

Hormonal pozğunluqların ümumi simptomları barədə danışan endokrinoloq deyib ki, ilkin simptomlar kimi qadınlarda tüklənmə, kökəlmə, saçların tökülməsi, arterial təzyiqin yüksəlməsini qeyd etmək olar: “Bu simptomlar varsa, mütləq müayinələr aparılmalıdır. Burada müxtəlif müayinələr aparıla bilər, amma ən əsas müayinə hormonal sınaqlardır. Hormonal pozğunluqlar zamanı başlıca yeri hormon müayinəsi tutur. Burada bir çox nüanslara diqqət yetirmək vacibdir. Məsələn, prolaktin hormonu çox səhər saatlarında yoxlana bilməz. Yuxudan durandan iki saat sonra, acqarına yoxlanmalıdır. Bunların hamısı barədə xəstəyə ətraflı məlumat vermək lazımdır ki, aparılan müayinələrin nəticələri dəqiq olsun”.

Vaxtilə sonsuzluqla görə uzun illər davam edən müalicələrin nəticəsiz qalması, sonradan isə sırf təsadüf nəticəsində bu halın endokrin pozğunluqlarla bağlı olduğunun aşkarlanması barədə danışan mütəxəssis deyib ki, indi belə hallara çox az təsadüf edilir. Onun sözlərinə görə, əslində bu hallar ümumiyyətlə, olmamalıdır. O, bu problemlər məşğul olan həkimlərin mama-ginekoloqların, endokrinoloqların vaxtaşırı təkmilləşmə kurslarına getmələrinin vacib olduğunu deyib: “Məsələn, mama-ginekoloqlar endokrinologiya, endokrinoloqlar isə mama-ginekologiya sahəsi ilə bağlı kurslara getməlidirlər. Həm də bu, beş ildən bir yox, iki ildən bir olsa yaxşı olar. Çünki təbabət gündən-günə inkişaf edir, yeniliklər çoxdur”.

Bu baxımdan S. Məşədiyeva deyib ki, bəzən sonsuzluqlar immunoloji problemlərlə, autoimmun xəstəliklərlə bağlı olur. Bir sıra revmatoloji problemlər autoimmun problemlərə səbəb olur: “Bəzən sonsuzluqla bağlı illərlə müalicələr aparılır, nəticə olmur, sonda bəzən təsadüfən bilinir ki, səbəb autoimmun problemlər imiş.

Onu da deyim ki, son zamanlar autoimmun sonsuzluqlara da geniş rast gəlinir”.

Hormonal pozğunluqların əsas simptomlarından birinin də piylənmə olduğunu vurğulayan endokrinoloq deyib ki, metabolik pozğunluqlar zamanı abdominal piylənmələrə daha çox təsadüf olunur: “Yəni qarın nahiyəsində piylənmə artır. Bu zaman mütləq acqarına qanda insulin miqdarı yoxlanmalıdır. Burada insulinə rezistentlik müəyyən faizlərlə hesablanır. İnsulinə rezistetntliyin tamam başqa pəhrizi var. Çünki ümumi piylənmə tamam başqa, insulinə rezistetntlik isə tamam başqa səbəblərdən yaranır. Bu problemin müalicəsi düzgün aparılanda piylənmə aradan qalxır və artıq çəki də tez bir zamanda itirilir.

Təəssüf ki, bu hal yeniyetmələr arasında geniş yayılıb. Ona görə də ailədə, nəsildə ikinci tip şəkərli diabet varsa, artıq çəki məsələsinə hər zaman diqqətlə yanaşmaq lazımdır”.

Mütəxəssis qeyd edib ki, idman zallarında yeniyetmə oğlanlara məsləhət görülən mənşəyi məlum olmayan proteinli qida əlavələri də hormonal pozğunluqlara səbəb olur: “Mənşəyi bəlli olmayan protein həbləri endokrin sonsuzluqlara da səbəb ola bilər. Daimi yox, hətta bir neçə dəfə qəbul olunanda problem yaranır. Tövsiyə edirik ki, heç vaxt mənşəyi bilinməyən bioloji aktiv qida maddələrini qəbul etməsinlər.

Tez həll olunan karbohidratlar, yəni şirniyyatlar, süni qidalar, yarımfabrikatlar da hormonal pozğunluqlar yaradır. Bu qidalar piylənməyə, insulinə rezistentliyə gətirib çıxarır”.

Hormonal dərmanların təhlükəsi barədə əhali arasında olan təsəvvürlər barədə danışan mütəxəssis vurğulayıb ki, hormonal pozğunluqlar zamanı əvəzedici terapiya gedir: “Orqanizmdə nə çatışmırsa, o dərman kimi qəbul edilir. Əgər doza artıq olsa o zaman problem yarana bilər. Doza artıq olanda mədə-bağırsaq problemləri, ürəkdə döyünmələr arta bilər. Bəzən toksiki urun əlamətləri ortaya çıxa bilər. Bunların baş verməməsi üçün vaxtında müayinələrdən keçmək lazımdır”.

Mütəxəssis onu da deyib ki, endokrin pozğunluqlar zamanı güclü baş ağrıları da əsas əlamətlərdən biri kimi özünü büruzə verir: “Endokrin səbəbdən arterial təzyiqin dəyişməsi və qan azlığı yarandığı hallarda güclü baş ağrıları müşahidə olunur. Bəzən yüksək arterial təzyiqi olan xəstələr tam kardioloji, nevroloji, müayinələrdən keçirilir və yüksək təzyiqin səbəbi bilinmir. Endokrinoloji müayinələr aparılandan sonra məlum olur ki, bu hal endokrin pozğunluqlarla bağlıdır”.

Hormonal pozğunluqların əsas əlamətlərindən birinin də piylənmə olduğunu xatırladan mütəxəssis piylənmənin səbəbləri araşdırılandan sonra pəhriz proqramının tərtibinin zəruri olduğunu açıqlayıb. Pəhriz proqramları barədə danışan endokrinoloq deyib ki, əgər piylənmə insulinə rezistetntlikə bağlı yaranıbsa, bu zaman insulin miqdarını azaltmaq gərəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR