Beynəlxalq təşkilat Dövlət Neft Fondunun inzibati binasını qiymətləndirib

Beynəlxalq təşkilat Dövlət Neft Fondunun inzibati binasını qiymətləndirib
# 15 mart 2016 07:26 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) inzibati binası Böyük Britaniyanın Tikinti Tədqiqatları və Ətraf Mühitin Qiymətləndirilməsi Metodologiyası İnstitutu (BREEAM) tərəfindən yeni tikili qiymətləndirmə metodologiyası üzrə “Yaxşı” dərəcəsi ilə qiymətləndirilib.

Fonddan “APA-Economics”ə verilən xəbərə görə, AOBREEAM İnstitutu 1990-cı ildən etibarən bütün dünyada qəbul edilmiş bir neçə metodologiya üzrə bina və layihələrin qiymətləndirilməsini həyata keçirir. Bura yeni tikili, bərpa və yeniləmə, beynəlxalq qeyri-yaşayış və layihələndirmə metodologiyaları daxildir. Yeni tikili qiymətləndirmə metodologiyası bina inşaatının 3 ayrı mərhələsində - ilkin inşaat işləri tamamlanmış, kommunal və texniki xidmətlərlə təchiz edilmiş və ya tam hazır binalarda tətbiq edilə bilər.

2014-cü il dekabr ayının 29-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilmiş ARDNF-nin yeni inzibati binasının tikintisi zamanı BREEAM qiymətləndirilməsindən keçilməsi öncədən qarşıya qoyulan hədəflərdən biri olub. Binanın inşaatı zamanı BREEAM tərəfindən müəyyən edilən tələblər nəzərə alınıb. ARDNF-nin inzibati binası Azərbaycanda BREEAM tərəfindən yeni tikili metodologiyası vasitəsilə tam hazır bina mərhələsində Yaxşı dərəcəsi ilə qiymətləşdirilmiş ilk binadır.

ARDNF-nin ikimərtəbəli yeraltı dayanacaqla birlikdə 26 mərtəbəli inzibati binasında 3 mərtəbəli Podium, icraçı direktorun ofisinin də yerləşdiyi mərtəbə daxil olmaqla 18 açıq tipli ofis mərtəbəsi, 3 texniki mərtəbə və bununla yanaşı kitabxana, muzey, 200 nəfərlik konfrans zalı, iclas otaqları, yeməkxana və s. mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR