Biləcəri dəmir yolu mülki müdafiə qovşağında kompleks mülki müdafiə təlimi keçirilib

Biləcəri dəmir yolu mülki müdafiə qovşağında kompleks mülki müdafiə təlimi keçirilib
# 13 may 2016 10:42 (UTC +04:00)

Bakı-APA. Biləcəri lokomotiv deposunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda növbəti kompleks mülki müdafiə təlimi keçirilib.

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov APA-ya bildirib ki, Biləcəri dəmir yolu mülki müdafiə qovşağının rəhbər işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, MM qüvvələri və şəxsi heyəti, stansiya ərazisində yerləşən digər dəmir yolu müəssisələrinin işçiləri təlimə cəlb olunub. Təlimi Fövqəladə Hallar Nazirliyinin və dəmir yolu idarəsinin əməkdaşları müşahidə edib.

Təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı qovşağın ərazisində yerləşən obyektlərin MM planlarının reallığını əks etdirmək, mövcud xəbərdarlıq sxemi əsasında MM qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması, obyekt rəhbərinin, MM qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının təhlil edilməsi olub.

Kompleks təlim həyəcan siqnalının verilməsi ilə başlayıb. Qovşaq rəhbəri, Biləcəri stansiyasının rəisi Elçin Məmmədov məlumat verib ki, şərti olaraq səhər saatlarında baş verən zəlzələ nəticəsində iki yük vaqonu relsdən çıxaraq aşıb, xəsarət alanlar var. Dirəklərin yıxılması nəticəsində elektrik naqilindən düşən qığılcımdan yanğın baş verib, deponun xidməti binalarının bəzi sahələrində uçqunlar olub. Uçqunlar altında qalanlar, ölənlər, yanğından zərər çəkənlər və xəsarət alanlar var.

Təlim rəhbəri təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün MM qüvvələrinə müvafiq göstərişlər verib. Növbəti yarana biləcək vəziyyətdə təlim iştirakçılarının vəzifələri dəqiqləşdirilib. Ərazi dərhal çəpərlənib, kəşfiyyat aparılıb, müvəqqəti rabitə bərpa edilib, yanğından mühafizə və xilasetmə manqaları əraziyə daxil olub, mövcud vasitələrlə yanğın ocaqları söndürülüb, yaralılara ilkin tibbi yardım göstərilib və onlar xərəklə tibb məntəqəsinə aparılıb.

Təlimdən sonra keçirilən müşavirədə Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyin MM üzrə texniki müfəttişi İsa Xudiyev çıxış edərək stansiyada MM qüvvələrinin hazırlıq vəziyyətinin qənaətbəxş olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR