“Qarabağ” və “Qəbələ” Avroliqanın qrup mərhələsində ilk oyununu keçirəcək

“Qarabağ” və “Qəbələ” Avroliqanın qrup mərhələsində ilk oyununu keçirəcək
# 15 sentyabr 2016 05:08 (UTC +04:00)

Bakı-APA. Bu gün Avropa Liqasında qrup mərhələsinə start veriləcək.

Apasport.az saytının məlumatına görə, təmsilçimiz “Qarabağ” da ilk oyununa çıxacaq.

Ardıcıl üçüncü dəfə Çempionlar Liqasında mübarizəni dayandırıb, daha aşağı səviyyəli turnirdə mübarizə edən Ağdam klubu Çexiya təmsilçisi “Slovan”ı qəbul edəcək.

İki dəfə cəhd eləsə də qrupdan çıxa bilməyən Qurban Qurbanovun yetirmələri bu dəfə arzusunu reallaşdırmaq üçün yaxşı şansa malikdir. Belə ki, zəif hesab oluna biləcək qrupda mübarizə aparacaq çempionumuz doğma divarlar amilinin də təsiri ilə turnirə 3 xalla start verə bilər.

Cari mövsüm evdə keçirdiyi bütün avrokubok matçlarında qol vuran ölkə çempionu hücum xəttinin gücünü bu rəqibə də göstərmək əzmindədir. Daha əvvəl çıxış etdiyi iki qrup mərhələsini də bir qələbə ilə başa vuran “Qarabağ” bu dəfə minimum vəzifənin öhdəsindən ilk oyundaca gəlmək istəyir. Bunun üçün “Dalğa Arena”nın dolu tribunaları da dəstək olacaq.

Digər təmsilçimiz “Qəbələ” də mötəbər turnirdə ilk matçına çıxacaq. Roman Qriqorçukun yetirmələri ilk matçını səfərdə keçirəcək. “Qırmızı-qaralar” “Anderlext”ə qonaq olacaqlar. Ardıcıl 2-ci dəfə qrupda mübarizə aparan “qırmızı-qaralar” səfərə xal iddiası ilə yollanıblar.

Ötən mövsüm qrupda qələbə qazana bilməyən qəbələlilər bu dəfə ilkə imza ata bilərlər. Bunu ilk oyunda reallaşdırmaq asan olmasa da, cəhd eləmək olar. Daha əvvəl iki Azərbaycan klubu – “Neftçi” və “Qarabağ”la qarşılaşmış belçikalılar hər iki komandamıza Bakıda uduzsa da, öz meydanında şans verməyib.

Təmsilçimiz səfərə itki ilə yollanıb. Təsnifat mərhələlərində özünü yaxşı tərəfdən göstərmiş və komandanın məhsuldar oyununda əsas rollardan birinə sahib olan Teo Uiks cəza səbəbindən komandasına kömək edə bilməyəcək. Əvəzində isə yeni transfer Ruslan Qurbanov özünü göstərmək üçün şans qazana bilər.

Avropa Liqası

Qrup mərhələsi. I tur

15 sentyabr

19:00. “Qarabağ” – “Slovan” (Çexiya)

Hakimlər: Stefan Klossner, Raffael Zeder, Jan-Yves Viçt, Yohannes Voqel

"Dalğa Arena"

21:00. “Anderlext” – “Qəbələ”

Hakimlər: Harald Lexner, Maksimilian Kolbitş, Andreas Heydenrix, Andreas Staudinger

"Konstant Vanden Stok" stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR