“Qarabağ”ın “böyük beşlik” klublarından fərqi

“Qarabağ”ın “böyük beşlik” klublarından fərqi
# 30 dekabr 2015 09:48 (UTC +04:00)

Bakı – APA. “Böyük beşlik” ölkələri olan İngiltərə, Almaniya, İspaniya, İtaliya və Fransada cari mövsümün geridə qalan hissəsinin statistik təhlili aparılıb. Apasport.az saytının məlumatına görə, ən çox qol vuran və buraxan klublar müəyyən edilib.

“Böyük beşlik” ölkələrində ən çox qol vuran komanda PSJ-di. Paris təmsilçisi Liqa 1-in geridə qalan 19 turunda 48 qola imza atıb.

Oyun sayına görə, rəqib qapılarına ən çox yol tapan klub isə Dortmund “Borussiya”sıdı. Komanda 17 matçda 47 dəfə fərqlənib ki, bu da orta hesabla hər görüşə 2,76 qol deməkdi. Bu siyahıda ikinci yeri Bundesliqanın lideri “Bavariya” tutur – 46 qol (orta hesabla hər oyuna 2,7 qol).

“Bavariya” və “Borussiya” bu mövsüm avrokuboklarda da qol baxımından problem yaşamayıblar. “Borussiya” Avropa Liqasında 27, “Bavariya” isə Çempionlar Liqasında 19 qola imza atıb.

Digər ölkələrə gəlincə, İspaniya La Liqasında “Real” (16 oyunda 42 qol – orta hesabla hər matçda 2,62), İngiltərə Premyer Liqasında “Lester” (19 oyunda 37 qol – 1,94), İtaliya A seriyasında isə “Fiorentina” (17 oyunda 33 qol – 1,94) bu baxımdan hamını qabaqlayır.

Aparıcı çempionatlarda ən güclü müdafiə xətti “Bavariya” və PSJ-yə məxsusdu. “Bavariya” Bundesliqada 8, PSJ isə Liqa 1-də 9 qol buraxıb ki, bu da orta hesabla hər görüşdə 0,47 qol deməkdi. La Liqanın 16 turunda 8 dəfə mərkəzə dəvət edilən “Atletiko” (0,5) “böyük beşlik” klubları arasında ilk “üçlüy”ü qapayır. “İnter” (11 qol) orta hesabla hər oyunda 0,64, “Tottenhem” isə (15) 0,78 qol buraxır.

“Borussiya”nın hücumçusu Pyerr-Emerik Obameyanq komandasının Bundesliqada rəqib qapılarından keçirdiyi 47 qoldan 18-nin müəllifidi. Avropa Liqasında da bu formasını qoruyan qabonlu forvard 7 görüşdə 8 dəfə qapıçıları məyus edib. O, bu toplardan 4-nü təmsilçimiz “Qəbələ”nin qapısından keçirib.

“Bavariya”nın hücumçusu Robert Levandovski 16 qarşılaşmada 15 qol vurub. Polşalı Çempionlar Liqasında meydana çıxdığı 6 görüşdə də 7 dəfə adını tabloya yazdırıb. Münhen klubunun digər üzvü Tomas Müllerin isə Bundesliqadakı qollarının sayı 14-dü. PSJ-də Zlatan İbrahimoviç (15 qol), “Real”da Kriştianu Ronaldo (12), “Lester”də Ceymi Vardi (15), “Fiorentina”da isə Nikola Kaliniç (10) komandalarının qol yükünü çiyinlərində daşıyırlar.

Azərbaycan Premyer Liqasında isə mövsümün ilk yarısını ən çox qolla “Qarabağ” qapayıb – 28. Ağdam təmsilçisi orta hesabla hər matçda 1,55 qol vurub.

“Qarabağ” və “İnter” geridə qalan 18 turda hərəyə 12 top buraxıblar ki, bu da hər matça 0,66 qol deməkdi. Hər iki komanda bu göstəriciyə görə, İngiltərə Premyer Liqasının ən yaxşısı olan “Tottenhem”i qabaqlayır.

Topaz Premyer Liqasının bombardiri olan Riçard Almeyda (“Qarabağ”) keçirdiyi 15 oyunda 7 dəfə rəqib qapılarına yol tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR