Moskvada Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinə həsr olunan dəyirmi masa keçirilib

Moskvada Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinə həsr olunan dəyirmi masa keçirilib
# 14 fevral 2016 02:24 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. Moskvadakı Azərbaycan İcması Evində "Rusiya Azərbaycan arasında ikitərəfli münasibətlər: müasir mərhələdə problemlər və əməkdaşlığın perspektivləri" adlı dəyirmi masa keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ümumrusiya Azərbaycan Konqresi tərəfindən təşkil olunan tədbir 10 fevral tarixində Rusiyada qeyd olunan Diplomatiya gününə həsr olunub.

Tədbirdə Rusiya İctimai Palatasının üzvləri, ictimai xadimlər, Azərbaycan diasporunun gənc fəalları iştirak ediblər.

Rusiya İctimai Palatasının üzvü, Siyasi Araşdırmalar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov Rusiya Azərbaycan münasibətlərindən söz açaraq, iki ölkə arasında turizm, biznes və kənd təssərüfatı sahələrin inkişafının vacibliyini və perspektivlərini vurğulayıb. "Rusiya-Azərbaycan münasibətlərinin uzun tarixi mövcuddur. Bu münasibətlərin ilk illəri kifayət qədər kritik başlamışdır. Lakin Vladimir Putin hakimiyyətə gələndən sonra iki dövlət arasında münasibətlər yeni pozitiv səviyyədə inkişaf edir".

Siyasi Araşdırmalar İnstitutunun direktor müavini, Avrasiya Birliyi Təşkilatının İdarə Heyətinin üzvü Darya Qrivtsova Azərbaycan ilə bağlı təəssüratlarını bölüşüb. Moskva ilə Bakının əməkdaşlığından danışan siyasi ekspert Azərbaycanda bütün sahələrdə gedən inkişafdan danışıb: "Birinci dəfə 2009-2010-cu illərdə Azərbaycanda səfərdə olarkən, orada aparılan böyük tikinti layihələrinə çox təəccübləndim. İnanılmaz idi ki, müstəqilliyini qisa bir zaman öncə əldə edən ölkə, belə tez və irəli addımlarla inkişaf edə bilər. Ölkəni gəzərək, insanlarla ünsiyyət quraraq sizin ölkənin fanatına çevrildim və bu ölkəyə yenidən qayıtmağı arzulayırdım. Sonra 2013-ci ildə elə alındı ki, hətta qısa müddət Bakıda çalışmalı oldum. 2013-ci ildə Azərbaycanda keçirilən prezident seçkilərinin təşkilatçılıq işlərində iştirak edirdim. Biz "Azərbaycan dostları" könüllü qrupu yaratdıq. Bu qrupda ayrı-ayrı deputatlar, müxtəlif ekspertlər, ümumiyyətlə Azərbaycana sevgi ilə münasibət göstərən insanlar iştirak edirdilər.

Darya Qrivtsova Rusiya KİV-lərinin Azərbaycanda baş verən maraqlı hadisələri geniş işıqlandırmadıqlarını təəssüflə qeyd edib: "Əlbəttə ki, burada erməni faktoru da mühüm rol oynayır. Sirr deyil ki, erməni diasporu Rusiya KİV məkanında böyük imkanlara malikdir".

Siyasi Araşdırmalar İnstitutunun MDB ölkələri departamentinin rəhbəri Aleksey Bıçkov isə müasir mərhələdə Rusiya-Azərbaycan münasibətlərindən danışıb:"Bu gözəl ölkəyə səfərimdən təcrübəmə əsaslanaraq, müasir münasibətlərə qiymət verməyə çalışacağam. Azərbaycan MDB məkanında Avropadır. Bu inanılmaz gözəllik və nəhəng geniş miqyaslı tikinti heç kəsi laqeyd qoymur. Çox əhəmiyyətlidir ki, Azərbaycan bu gün Avropa ölkələrinin səviyyəsinə çıxır və bəzi sahələrdə öz trendi ilə çıxış edir. Birinci Avropa oyunlarının Azərbaycanda keçirilməsi bunun ən gözəl göstəricisidir. Eyni zamanda Azərbaycan ruhən Rusiyaya yaxındır, bizi uzun tarix və sıx münasibətlər bağlayır. Dəfələrlə müşahidə etmişəm ki, Azərbaycan gəncləri məmnuniyyətlə Rusiya bayrağı önündə şəkil çəkdirilər. Bu nəinki, iki dövlətin, həm də iki xalqın dostluğunun göstəricisidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR