Kazbek Tuayev: “Fariz Yusifovun idarəçiliyi biabırçılıq idi”

Kazbek Tuayev: “Fariz Yusifovun idarəçiliyi biabırçılıq idi”
# 03 mart 2016 14:14 (UTC +04:00)

Bakı – APA. “AFFA-nın Hesabat-Seçki Konfransı və İcraiyyə Komitəsi haqda danışmaq istəmirəm. Mən indi daha çox uzun illər şərəfini qoruduğum “Neftçi”nin məğlubiyyətinə görə çox narahat və üzgünəm”. Bu sözləri apasport.az saytına AFFA-nın İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev deyib.

76 yaşlı veteran futbolçu və baş məşqçi kimi tanındığı “Neftçi”nin durumundan məyusluğunu gizlətməyib.

O bildirib ki, Azərbaycan kubokunun 1/4 finalının ilk oyununda “Xəzər Lənkəran”a 2:3, bundan öncə Topaz Premyer Liqasının XXIII turunun “Zirə” ilə görüşündə 0:3 hesablı məğlubiyyətlərini izləmək çətin olub: “Ümid edirəm ki, “ağ-qaralar” kubokun 1/4 final mərhələsini adlaya biləcək. Komandanın hazırkı vəziyyəti məni də çox narahat edir. Amma kənardan nə isə demək çətindi. Orada nə baş verdiyini klubun daxilində olanlar daha yaxşı bilər. “Neftçi”nin bütün oyunlarına gedib izləyirəm. Mənimlə məsləhətləşəndə tövsiyələrimlə kömək etməyə çalışıram. Çingiz Abdullayevin, məşhur adamların kluba gəlməsinə çox sevinirəm. Amma son nəticələr komandaya bağlı insanlar kimi, məni də məyus edir. “Xəzər Lənkəran”a 2:3 hesablı məğlubiyyətdən əvvəl də “Zirə”yə uduzmuşdular. Həmin 0:3 hesablı məğlubiyyət Fariz Yusifovun bərbad hakimliyində qeydə alındı. Onun idarəçiliyi biabırçılıq idi. Yusifovu çoxdan tanıyıram, bilməzdim ki, belə bərbad hakimlik edir”.

Qeyd edək ki, Tuayev 1961-70, 1971-72-ci illərdə futbolçu, 1983-84, 1996-97 və 2003-04-cü illərdə baş məşqçi kimi “Neftçi”də fəaliyyət göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR