Qətlə yetirilən bələdiyyə sədrinin 10 yaşlı qızı məhkəmədə ifadə verib

Qətlə yetirilən bələdiyyə sədrinin 10 yaşlı qızı məhkəmədə ifadə verib
# 28 iyun 2016 10:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Fədail Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, prosesdə şahid qismində qətlə yetirilən şəxslərin 10 yaşlı övladı Fidan Əbilhəsənova ifadə verib. Fidan ata və anasının Fədai Hüseynov tərəfindən öldürüldüyünü deyib: "Həmin gün anam ağlayırdı. Ona zəng gəldi o da telefonda nəsə yazıb söndürdü. Sonra Fədail otağa girdi. Anam dedi ki, uşağın yanında olmaz. Mənə dedi ki, Fidan, çıx bayıra. Mən də çıxdım. Bayırda isə nənəm yıxılmışdı. Atam onu qaldırmaq istəyəndə Fədail atamı vurub getdi. Sonra anamı da vurduğun bildik".

Daha sonra prosesdə şahid qismində Kifayət Əliyeva ifadə verib. O, həmin evdə aşpaz işlədiyini, Fədaillə ev sahiblərinin münasibətinin yaxşı olduğunu deyib: "Mənə Vəsilənin anası zəng etdi ki, təcili yardım maşını ilə onlara gəlim. Çünki təcili yardım stansiyası bizim evə yaxın idi. Mən də gəldim. Orda elə bildim ki, təkcə Vəfadarı vurublar. Sonra oğlu ağlayıb dedi ki, anamın başın kəsib, yuxarıdadır".

Prosesdə ifadə verən Sevda Məmmədova Vəsilə ilə dost olduğunu, hadisənin torpaq mübahisəsi üstündə baş verdiyini bildirib.

Mirxaliq Əhmədov adlı şahid isə Vəsilə Əbilhəsənovanı tanıdığını, hadisənin hansı səbəbdən baş verdiyini bilmədiyini deyib.

Proses iyulun 5-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il Abşeron rayonunun Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbilhəsənov evlərində qətlə yetirilib. V. Əbilhəsənov “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də aparat rəhbəri vəzifəsində çalışıb.

Hadisəni törədənin 1980-ci il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov olduğu məlum olub. Polisin keçirdiyi əməliyyat nəticəsində F. Hüseynov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR