Futbol üzrə Azərbaycan çempionatında mükafatçıların siyahısı dəqiqləşib

Futbol üzrə Azərbaycan çempionatında mükafatçıların siyahısı dəqiqləşib
# 10 aprel 2017 15:23 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında mükafatçıların siyahısı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “Qarabağ” və “Qəbələ”nin ardından “İnter” də ilk “üçlük”də yerini təmin edib.

Buna XXV turunun “Zirə” ilə oyunu səbəb olub. Səfərdə 1:1 hesablı heç-heçə edən Zaur Svanadzenin yetirmələri xal hesabını 43-ə çatdırıb.

“İnter” bir tərəfdən mükafatçılar sırasında yerini rəsmiləşdirib. Çünki sona 3 tur qalmış bakılılar “Zirə”dən 11 xal öndədi. Bununla, paytaxt klubu tarixində 8-ci dəfə Azərbaycan çempionatının mükafatçıları sırasına düşüb. Bunadək onların 2 qızıl, 3 gümüş və 2 bürünc medalı var idi.

Digər tərəfdən isə Svanadze və komandasının qızıl medal şansını itirib. “Qarabağ”dan 10 xal geri qalan “İnter”in bunu aradan qaldırması mümkünsüzdü.

Bu da o anlama gəlir ki, “İnter” ya gümüş, ya bürünc əldə edəcək. Bakılıların qızıldan əlini üzməsi “Qarabağ”ın gümüşü təmin etməsi ilə nəticələnib. Mükafatlardan birini çoxdan rəsmiləşdirən ağdamlılar bürüncdən artığını qazanacaq. Yəni Qurbanovun yetirmələrinin ya qızıl, ya gümüşün sahibi olacağı dəqiqləşib.

Hələlik yalnız “Qəbələ”nin hər üç əyarlı medala yiyələnməsi mümkündü. Liderdən 4 xal geridə olub, 3-cü yerdən 6 xal öndə qərarlaşan “qırmızı-qaralar”ın hansı mükafata sahib olacağını son 3 tur müəyyənləşdirəcək.

Düzdü, artıq qarşıdakı XXVI tur ya qızıl, ya da bürüncün sahibini müəyyənləşdirə bilər. Əgər “İnter”in qonağı olacaq “Qarabağ” qalib gəlsə, “Qəbələ” Gəncə səfərində “Kəpəz”ə uduzsa, ağdamlılar qızıl medalları təmin edəcək. “Qəbələ” qalib gəlsə, “İnter” xal itirsə, ya da əyalət klubu heç-heçə etsə, bakılılar uduzsa, paytaxt klubu 3-cü olacaq.

Qeyd edək ki, növbəti tur aprelin 15-də start götürəcək, liderlərin qarşılaşmaları isə ertəsi gün keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR