Bakıda Azərbaycan Biznes Keys Müsabiqəsinin finalı keçiriləcək

Bakıda Azərbaycan Biznes Keys Müsabiqəsinin finalı keçiriləcək
# 11 dekabr 2016 20:17 (UTC +04:00)

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi dekabrın 11-də ADA Universitetində Azərbaycan Biznes Keys Müsabiqəsinin final mərhələsini təşkil edəcək.

APA-nın məlumatına görə, bu il müsabiqə SOCAR AQŞ, British American Tobacco (BAT), Azercell, BP, Engin LTD, Procter & Gamble, Deloitte, EY, Gravity şirkətlərinin sponsorluğu, ABŞ Səfirliyi və ADA Universitenin təşkilati dəstəyi ilə həyata keçirilir.

Azərbaycan Biznes Keys Yarışması universitetlərin maliyyə, biznes, iqtisadiyyat sahəsində təhsil alan bakalavr və magistr tələbələri arasında keçirilən ən prestijli biznes yarışmasıdır. Yarışmada analiz üçün tələbələrə real həyatda şirkətlərin qarşılaşdıqları biznes problemləri əsasında yazılmış Harvard Business School-un keysləri təqdim edilir

Müsabiqədə iştiraka 7 universitetdən; ADA Universiteti, Qafqaz universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası və Bakı Ali Neft Məktəbini təmsil edən 27 komanda qoşulsa da, onlardan yalnız 14-ü yarımfinal mərhələsinə çıxmağa nail olub və 4 komanda final mərhələsinə çıxacaq.

Bütün komandalar beş həftə ərzində biznes analizi, strategiyanın qurulması, təqdimat etmək bacarığı və s. mövzularda təlimlər keçiblər. Bununla yanaşı komandalar final mərhələsindən öncə sınaq təqdimatlarında iştirak ediblər. Qaydalara uyğun olaraq yarımfinal mərhələsində komandalar öz layihələrini yerli və beynəlxalq biznes qurumlarını təmsil edən hakimlər qarşısında təqdim edəcəklər. Dörd yarımfinal qalibi olan komanda isə birinci yer uğrunda mübarizə məqsədilə hakimlər qarşısında öz təhlillərinin təqdimatı ilə çıxış edəcəklər.

Finalçılardan keyslərə həll yolları təqdim etmək tələb olunur və qiymətləndirilmə, komandaların kritik biznes düşüncə qabiliyyəti, maliyyə analizi, marketinq strategiyası, təqdimat bacarıqları, eləcə də sual-cavab mərhələsinə hazırlıqlarına əsaslanır. Qalib komandalar ümumilikdə 10 500 AZN mükafat əldə edəcəklər (I yer 6000 AZN, II yer 3000 AZN və III yer 1000 AZN).

AzərbaycanBiznes Keys Müsabiqəsi ölkəmizin qabaqcıl universitetlərini təmsil edən tələbə komandaların iştirak etdiyi ənənəvi müsabiqədir. Bu müsabiqədə tələbələr maliyyə, marketinq, mühasibat, texnologiya və idarəetmə kimi sahələrdə əldə etdikləri bilikləri tətbiq etməklə real biznes problemlərini həll edir və onları Azərbaycanın işgüzar dairələrinin nümayəndələrindən ibarət olan münsiflər heyətinə təqdim edirlər.

Bu il 14 illiyini qeyd edəcək müsabiqə 2002-ci ildən həyata keçirilməyə başlayıb. Azərbaycanda biznes keys təhlili təcrübəsinin azlığını nəzərə alan MBA Enterprise Corps təşkilatının könüllüləri bu layihənin əsasını qoyublar. 2006-cı ildən etibarən isə bu müsabiqənin keçirilməsi hüququ ekskluziv olaraq ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinə (AAA) verilib. İndiyənə qədər bu layihədə 1000-ə qədər çox istedadlı tələbələr iştirak edib.

Biznes Keys Müsabiqəsi tələbələrin analitik və təqdimat bacarıqlarının inkişaf etdirilməsində və karyera inkişafında çox önəmli rol oynayacaq bacarıqların aşılanmasında və tələbələrə biznes idarəçilik vərdişlərinin öyrədilməsində əvəzsiz rol oynayır. Bununla yanaşı, müsabiqə biznes, elm nümayəndələrinə və tələbələrə maraqlı və intellektual bir forumda iştirak etmək imkanı yaradır.

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA) Azərbaycanda ABŞ Dövlət Departamentinin təhsil mübadilə proqramlarının, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı və ABŞ Universitetlərinin təqaüd proqramlarının dəstəyi ilə ABŞ-da təhsil almış məzunları birləşdirən qeyri-hökumət təşkilatıdır. AAA 2003-cü ilin oktyabrında bütün məzunları bir yerdə toplamaq və inkişaf edən Azərbaycana öz bilik və bacarıqlarını istifadə edərək kömək etmək məqsədilə yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR